Azərbaycan teatrının tarixində elə aktyorlar, elə sənətkarlar olub ki, onları tez-tez xatırlamaq, unutmamaq və unudulmasına imkan yaratmamaq lazımdır. Bu il anadan olmasının 108, dünyasını dəyişməsinin 54 ili tamam olan böyük teatr xadimi, xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təməl daşını qoyan aktyor Ağadadaş Qurbanov məhz belə sənətkarlardandır.

"Ömrün PərdəArxası"nda bu dəfə Ağadadaş Qurbanovun böyük qızı, Azərbaycanın tanınmış kino rəssamı, ssenarist, animasiya rejissoru, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova atası haqqında xatirələrini bölüşür.

- Sizə əvvəldə onu deyim ki, bir yalnışlığın düzəlməsini istəyirəm. İnternet portallarında, xüsusilə atamın vikipediyasında Ağadadaş Qurbanovun atasının adı Gülməmməd yazılıb. Əslində isə babamın adı Qurban olub. Ağadadaş Qurban oğlu Qurbanov.

- Yəqin bəzi yerlərdə elə yazılıb. Bu müsahibədən sonra İnşallah, düzələr. Firəngiz xanım, necəsiniz? Hazırda hansı işlə məşğulsunuz?

- 1971-ci ildə S.Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışmışam. 1987-ci ildə kinostudiyadan ayrılıb, Müstəqil “Birlik” kinostudiyasını yaratdım. 1988-ci ildə yaranan “Birlik” animasiya filmləri studiyası Sovet İttifaqında ilk müstəqil kinostudiya kimi qeydiyyatdan keçib. Moskvada qeydiyyatdan keçən “Birlik” müstəqil animasiya studiyası daha sonra Azərbaycan Rəssamlar İttifaqının nəzdində təsdiq olunub. Bu günədək işimi davam etdirirəm. Studiyanın bədii rəhbəri, rəssamı və rejissoru kimi ilk animasiya filmlərini çəkmişəm. Studiya artıq 30 ildir fəaliyyət göstərir. 2003-cü ildən Rəssamlar İttifaqının rektoru Ömər Eldarovun təklifi ilə Rəsm Kafedrasında "Animasiya filmləri üzrə quruluşçu rəssam" sinifi açılıb. Həmin vaxtdan müəllim kimi sənət fəaliyyətimi davam etdirirəm. 2018-ci ildən Rəssamlar İttifaqının professoruyam. Çox istəyirəm ki, gələcəkdə Rəssamlıq Akademiyasında "Animasiya filmləri üzrə quruluşçu rəssam" şöbəsi yaradılsın. Gələcəyin peşəkar animasiya film rəssamları yaransın. Bu mənim özümlə bağlı olan məlumatım.

Bizim ailəmiz sənətə bağlı, sənətlə yaşayan ailədir. Mənim oğlum- Cavid Əhədov da kinostudiyada rəssam kimi çalışır. Oğlum Cavid Əhədov və onun həyat yoldaşı Moskvada Xitrukun rəhbərlik etdiyi animasiya kurslarını bitiriblər. Hər ikisi peşəkar rəssamdılar və bugünədək “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərirlər.

- Oğlunuzun sizin yolunuzu davam etdirdiyini söylədiniz. Atanızın sənət yolunu isə, oğlu Hamlet Qurbanov və bacınız Gülşən Qurbanova davam etdirdilər. Siz də incəsənətin başqa qolu olan rəssamlığı seçdiniz. Beləliklə Ağadadaş Qurbanovun sənət yolu sizlərlə davam etdi...

- Elədir. Bilirsiniz, mən müsahibə verməyi, mətbuatla əlaqədə olmağı sevən adam deyiləm. Amma sizin zənginizdə xoşuma gələn o oldu ki, Ağadadaş Qurbanovun haqqında söhbət etmək istədiyinizi bildirdiniz. Atamı kimsə yad edəndə, xatırlayanda mən çox sevinirəm. Ağadadaş Qurbanov kimi sənətkarlardan yazmaq, onlar haqqında danışmaq lazımdır. Çünki keçmişi unutmaq olmaz. Keçmişini unudanın gələcəyini unudacaqlar. Ağadadaş Qurbanov kimi böyük sənətkarı daima xatırlamaq, yad etmək lazımdır. Ona görə yox ki, Ağadadaş Qurbanov mənim atam olub. Ona görə ki, Ağadadaş Qurbanov bu gün var olan Gənc Tamaşaçılar Teatrının təməlini qoyanlardan biri və birincisidir. Bir zamanlar Gənc Tamaşaçılar Teatrı deyiləndə Ağadadaş Qurbanov yada düşürdü. O dövrün adamları da məhz belə deyirdilər: "Ağadadaşın Teatrına gedək. Ağadadaşın səsini dinləməyə, tamaşasına baxmağa gedək". Çünki Ağadadaş Qurbanov hələ çox gənc yaşlarından dostları ilə birlikdə tamaşalar hazırlayar, həmin tamaşaları müxtəlif yerlərdə nümayiş etdirərdilər. Təbii ki, onların hazırladıqları tamaşaları nümayiş etdirmək üçün teatr binaları yox idi. Amma istəkləri, sənətə qarşı böyük və tükənməz sevgiləri vardı. Atam və həmfikirləri, onunla birlikdə həmin tamaşaları hazırlayıb, müxtəlif məkanlarda nümayiş etdirəndə onların cəmi 14-15 yaşları olardı. Amma yaşlarının belə az olmasına baxmayaraq, çox ciddi əsərlərə müraciət edirdilər. Yəni onların nümayiş etdirdikləri tamaşalar uşaq tamaşaları deyildi. Həm də atamla bərabər tamaşalar hazırlayan dostları o dövrün ilk pionerləri oldular.

Azərbaycanın Otello

- Təbii ki, sənətin ilk pionerləri oldular.

- Nəinki sənətdə, həm də o dövrün pionerə qəbul olunan ilk uşaqları olmuşdular. İlk qırmızı qalstukları da onlar bağlamışdılar.

Firəngiz xanım, sözünün bu yerində mənə teatrşünas İnqilab Kərimovun 1963-cü ildə Azərbaycan Teatr Cəmiyyətinin nəşr etdirdiyi "Ağadadaş Qurbanov" adlı kitabından bir parçanı oxumağı məsləhət görür. Ağadadaş Qurbanovun xatirələri bu kitabda yer alıb. 56 il əvvəl çapdan çıxmış kitabı vərəqləyib, Ağadadaş Qurbanovun keçdiyi ömür yoluna azacıq olsa da nəzər salıram. Kitabda qeyd olunur ki; "Gənc Tamaşaçılar Teatrının doğuluşu Azərbaycanda pioner təşkilatlarının fəaliyyəti ilə üzvi surətdə bağlıdır. 1923-cü ildən başlayaraq, Bakının Lenin adına toxuculuq fabrikində l.Şmidt adına zavodda, 2 nömrəli uşaq evində, neft-qaz zavodunda və Bakı dəniz limanında ilk Azərbaycan pioner dəstələri yaradıldı. İlk dəfə boynuna qırmızı qalstuk bağlayan uşaqlardan (onlar cəmi 12 nəfər idilər) biri də Ağadadaş Qurbanov idi. Həmin il Ağadadaş Bakıdakı 5 nömrəli şura məktəbinin 3-cü sinifində oxuyurdu. Kitabın bu yerində A.Qurbanovun xatirəsi yer alır. Sənətkar yazır: "Yaxşı yadımdadır... Bir gün yoldaşlarım məni çağırıb: "Ağadadaş, gedək pioner olaq" dedilər. Mən pionerin nə demək olduğunu bilmirdim. Lakin getdim. Boynuma taxmaq üçün mənə bir qırmızı qalstuk verdilər. Bu, 1923-cü ildə idi. Az vaxt içərisində təşkilat məni öz qucağında tərbiyələndirdi".

Bu sətirləri oxuyandan sonra Firəngiz xanımla söhbətimə qaldığı yerdən davam edirəm.

- Ağadadaş Qurbanovun uşaqlıq, gənclik illərindən nələri danışa bilərsiniz?

- Atam, Bakılıdır. 1911-ci il martın 8-də anadan olub. Onun uşaqlıq illəri Sovetski deyilən məhəllədə keçib. Babam Qurban kişi o dövrün tanınmış qoçusu olub. 28 yaşında olanda məhəllədə yaşayan yaşlı adama başqa küçədən olan bir nəfər sataşıb. Babam, qoçu olduğuna görə həmin adamın müdafiəsinə gedib və dava düşüb. Babamı güllə ilə vurub, öldürüblər. Atam çətinliklə böyüyüb. Uşaqlığı ağır keçib.

Azərbaycanın Otello

- Ağadadaş Qurbanovun ailəsi neçə nəfərdən ibarət olub? Bacıları, qardaşları olub?

- Atam kiçik yaşlarında atadan yetim qalıb. Atam və bacısı Pikə Qurbanın övladlarıdır. Babamın ölümündən sonra atamın anası Həcər ikinci dəfə ailə qurub. Həmin nikahdan Əliheydər və Əminə adında iki övladı dünyaya gəlib. Əminə bibimlə münasibətlərimiz yaxşı idi. Məni xüsusilə çox istəyirdi. Amma o biri bibim bizimlə görüşmürdü.

Azərbaycanın Otello

- Niyə?

- Atam ikinci dəfə ailə qurmuşdu ona görə. İkinci bibim anamı sevmirdi.

- Başa düşürəm.

- Mən məsələləri yenidən danışmaq, o mövzuya toxunmaq istəmirəm.

- Narahat olmayın, mən o barədə heç nə soruşmayacam. Siz atanızdan danışın.

- Atam o dövrdə olan bütün əsərlərdə baş rolları ifa edib. Onun iştirakı olmadan heç bir tamaşa alınmazdı. A.Qurbanov rejissor deyildi. Amma bütün tamaşalara rəhbərlik edirdi. Gözəl təşkilatçılıq qabiliyyəti var idi. Hər kəsi bir araya toplamağı bacarırdı. Aktyor truppasını atam yığardı. Hər kəsi arxasınca aparmağı bacarırdı. Atam orta məktəbi bitirib. Xüsusi sənət təhsili olmayıb.

- Ümumiyyətlə, o dövrün sənətkarlarının çoxunun ali təhsili olmayıb. Onlarda fitri istedad olub.

- Elədir. Atam da fitri istedadı, Allah vergisi olan sənətkarlardan idi.

- A. Qurbanovda sevgi haradan yaranıb?

- Sənətə sevgini nəzərdə tutursunuz?


Azərbaycanın Otello

- Təbii ki... Bakılı qoçunun ailəsində doğulan bir uşaqdan aktyorluğa, sənətə sevgi haradan yaranıb?

- O dövrdə Azdramada böyük sənətkarlar var idi. Azdramanın məşhur vaxtlarıydı. Həmin illərdə insanların gedə biləcəkləri ən hörmətli məkan teatr idi. Dövrün sənətkarları adla çağırılardı. Atam isə xarakter etibarilə yaradıcı adam idi. Gözəl səsi vardı. Sizə atamın səs yazısını göndərərəm, dinləyərsiniz.

- Mütləq göndərin. Sevə-sevə dinləyərəm. Təəssüf ki, mənim yaşımda olanlar Ağadadaş Qurbanovu səhnədə görməyib.

- Atamın bütün ömrü teatrda keçib. Amma nə yaxşı ki, bir neçə filmlərə çəkilib. Siz onu səhnədə görəydiniz. Ən gözəl obrazlarını Gənc Tamaşaçılar Teatrında çalışanda ifa edib.

- Akademik Dram Teatrının səhnəsində oynadığı tamaşalar da yaddaqalan olub.

- Sözsüz ki, monumental, gözəl obrazlar yaradıb. Amma qısa ömrünün əsas hissəsini Gənc Tamaşaçılar Teatrında çalışıb. Akademik Dram Teatrına 1952-ci ildə gəlib.

- 1927-1952-ci illərdə Gənc Tamaşaçılar Teatrında çalışıb. 1952-ci ildən ömrünün sonuna qədər Akademik Dram Teatında gözəl obrazlar yaradıb.

- Həqiqətən də gözəl, maraqlı obrazlar ifa etmişdi. Atam məşqsiz, eksprontom çıxıb "Şeyx Sənan" oynayan aktyordur. Əvvəllər tamaşada Şeyx Mərvan obrazını ifa edirdi. Sonradan Şeyx Sənanı oynayan aktyor xəstələnib və Ədil İsgəndərov atamı çağırıb ki: “Sən bu rolu bilirsən. Mənim xəbərim var. Çıx və oyna”. Atam, Ədil İsgəndərova çox inanırdı.

Azərbaycanın Otello

- Ədil müəllimin də ona böyük hörmət bəslədiyini eşitmişəm. Hətta Ələsgər Ələkbərovdan sonra Vaqif rolunu Ağadadaş Qurbanova həvalə edib.

- Düzdür. Amma sizə deyim ki, atam Azdramaya təzə gələndə Ədil İsgəndərov ona böyük rollar verməyib. Bir müddətdən sonra böyük rollar həvalə olunub. Bəlkə də Ədil İsgəndərov bir müddət atamı sınayıb. Ədil İsgəndərovu xatırlayanda atamın dəfn mərasimi yadıma düşür. Atamın dəfnində bütün Bakı oradaydı. Mən hələ belə izdiham görməmişdim. Bütün şəhər I Fəxri Xiyabana qədər atamı çiyinləri üzərində apardılar. Ədil İsgəndərov əvvəldən sona qədər bir neçə dəfə qısa fasilələr verməklə atamın cənazəsini çiynində apardı. O, atamı yüksək qiymətləndirirdi, atam isə onu həqiqətən çox istəyirdi. Ədil İsgəndərov insan kimi ədalətliydi. Atamın ən böyük arzusu "Otello" nu oynamaq idi. Ədil İsgəndərov atamla yenidən “Otello” tamaşasını hazırlamaq istəyirdi. Atam deyirdi ki, “Mən aşiq, sevən, vurğun Otellonu yaradacam”. Çünki atama qədər olan “Otello”lar bu obrazı döyüşçü, sərkərdə kimi ifa etmişdilər. Ümumiyyətlə atam xarakter etibarilə sevən, aşiq insandı. Şeiriyyəti, poeziyanı, xüsusilə Hüseyn Cavidi dəlicəsinə sevirdi. Onunla tanışlıqları var idi. Yaxşı münasibət qurmuşdular. O qədər xatirələr var... Adam bilmir nədən danışsın. Bir dəfə teatrda çarşablı bir qadın sənədini itirir. Atam teatrda çalışan xidmətçilərdən xahiş edir ki, qadının sənədi tapılmadan heç kəs oradan uzaqlaşmasın. Qadının sənədini tapıb, ona təqdim edirlər. Atamın belə ürəyi vardı. Deputat olanda özünə heç nə etmədi. Amma hamıya əl tutmağa çalışardı, kömək edərdi. Mən, “rica edirəm” sözünü təkcə atamdan eşitmişəm. Atamın yaşadığı məhəllədə - Sovetskidə böyük hörməti var idi. Hamı onu tanıyır, sayıb, hörmətlə yad edirdilər.

- Hər halda Ağadadaş Qurbanovun atasının qoçu olması faktoru da olub?

- O faktor da var. Amma atamın özünün adı, hörməti başqa idi. Gənc Tamaşaçılar Teatrında çalışan vaxtlarda həbsxanada tamaşa oynamağa gediblər. Tamaşadan sonra bir nəfər atama yaxınlaşıb ki, “Məni tanıdın? Səninlə eyni məhəllədə yaşamışıq”. Atam onu tanıyıb, oturub söhbət ediblər. Həmin dustaq atama deyib ki, “Bu günlərdə vaxtım bitir. Məni həbsxanadan buraxacaqlar. Onsuz da azadlıqda çox qala bilməyəcəm. Nəsə edib, yenidən bura qayıdacam. Sənin düşmənin varsa, adını mənə de. Buradan çıxanda onu cəzalandırım”. Atam onunla uzun-uzadı danışır və başa salır ki, belə etmək olmaz. Həyat gözəldir. Ömrünü belə işlərlə məhv eləmə.- Başqası heç belə deməzdi.

-(Gülür) Yəqin ki, başqa cür deyən olardı. Amma atam ona həyatı başa salıb. Ona görə atamı heç vaxt unutmadılar. Atamı dəfn edəndə sənədi itib, sonra tapılan o qadın da, mağazadan oğurluq edib, atamın kömək olmasa cəza veriləcək oğlan da, bir sözlə... atamın yaxşılıq etdiyi bir çox insanlar yaxınlaşıb, mənə başsağlığı verirdilər.

-Firəngiz xanım, ailədə iki qız olmusunuz. Məlumdur ki, Ağadadaş Qurbanov ikinizi də çox istəyib. Amma Ağadadaş müəllimin ilk nikahından olan oğlu Hamlet Qurbanovla münasibətləri necəydi?

- Münasibətləri yaxşıydı. Atam Hamleti çox istəyirdi. Düzdür, həyat elə gətirmişdi ki, Hamletin anası ilə ayrılmışdılar. Amma oğlunu sözsüz ki, çox istəyirdi. Onlar ayrılanda Hamletin 4-5 yaşı olub.

- Hamletin adını atanız qoyub?

- Yəqin ki. Düzü dəqiq bilmirəm. Hamlet çox gözəl insan idi. Heyif ki, sonrakı həyatı ağrılı oldu. Hamletin oğlu özünə oxşayıb.

Azərbaycanın Otello

- Oğlunun neçə yaşı var?

- 44 yaşı var. Adı Səlimdir. Hazırda Suxumidə yaşayır. Abxaz qızı ilə evlənib. Bir qızı var. Həyat yoldaşı mənim gəlinimin yaxın qohumudur. Gəlinim də abxazdır.

- Firəngiz xanım, yadımdadır, bir vaxtlar rəhmətlik Gülşən xanım, atanızın adının Gənc Tamaşaçılar Teatrına verilməsini istəyirdi. Bu barədə Gülşən xanımla bir neçə dəfə söhbət də etmişdik.

- Doğrudur. Belə fikirlər var idi. Hətta o dövrdə bununla bağlı məktub yazıb, yuxarılardan xahiş də etmişdilər. Amma heç bir reaksiya verən olmadı. O, zamanlar Mədəniyyət naziri Polad Bülbüloğlu idi. Heç əhəmiyyət vermədilər. Məhəl də qoymadılar. Əksinə bir müddətdən sonra bütün teatrların adları dəyişildi. Daha doğrusu bütün teatrlardan adlar götürüldü və beləliklə bu məsələ qapandı. Adları ləğv etmək, silmək olar. Amma yaddaşları silmək mümkün deyil. Xatirələr yaşayır, arxiv sənədləri yanmayıb. Ağadadaş Qurbanovun Gənc Tamaşaçılar Teatrının yaranması, inkişafı üçün nələr etdiklərini bilənlər hələ də sağdır. Atam və onunla çiyin-çiyinə çalışan həmkarlarının sayəsində elə çətin zamanda Gənc Tamaşaçılar Teatrı yarandı. İlk vaxtlarda heç Teatrın binası da yox idi. O teatrın adı və yaranması mənim atamla bağlıdır.

Mən bunu hər zaman heyrət edərək deyirəm ki, istedadlı adam hər sahədə istedadlı olur. Siz atamın qılıncla (şpaqa) döyüşməsini görəydiniz. Sanki illərdir əlində qılınc olub. Sanki həmişə döyüş səhnələri olan filmlərə çəkilib. Onun bütün həyatı, sevgisi teatr idi. Teatrı, kinodan çox sevirdi. Atamın başqa bir istedadı da var idi. İstənilən dildə danışa bilirdi. Daha doğrusu bir dəfə eşidib, danışmağa çalışırdı. Sizə bir misal çəkim. Gənclik illərində rejissor, atama dərs tapşırığı olaraq rol tapşırmışdı. Deməli, aptekə gedib, oradan dərman alan əcnəbini canlandırmalıydı. Kənardan isə ona göz qoyurdular. Atam bu kiçik rolun öhdəsindən elə gəlmişdi ki, aptekçi onun xarici vətəndaş olduğunu zənn etmişdi. O dövrün ustad rejissorları aktyor sənəti dərslərini bu şəkildə həyata keçirirdilər. Mənə elə gəlir ki, əsl ustad dərsləri, tapşırıqları elə o şəkildə olmalıdır.

Azərbaycanın Otello

- Ağadadaş müəllimin özünün məşhur Dram dərnəyi olub. Həmin dərnəkdən çox tanınmış aktyorlarımız pərvazlanıb.

- Bəli, atamın rəhbərlik etdiyi dram dərnəyi çox məşhurdu. Dəmiryolçular klubunda və indiki AZİ-də (ADNSU) bir dərnək təşkil etmişdi. Orada iştirak edənlər sonradan aktyor olmadılar. Onlar inşaatçılar, neftçilər və başqa sənət sahibləriydilər. Onlardan birini sonralar mən öz filmimdə çəkmişdim. Atam onların hamısı ilə dostlaşmışdı. Onlar da atamı çox istəyirdilər. Sonralar onlar atamın ömrünün son günlərinədək onunla yaxın dost oldular.

- Ağadadaş Qurbanovun Dram dərnəyindən çıxmış, böyük sənətkarlar olan aktyorlar var. Səyavuş Aslanı bilirəm. Həm də onlar atanıza “qədeş” deyə müraciət ediblər. Siz kimlərin adlarını qeyd edə bilərsiniz?

- Çox sənətkarlar var. Mənim də o qədər yadımda qalmayıb. Rafiq Əzimovun adını çəkə bilərəm.

-Firəngiz xanım, atası haqqında sevərək, heyranlıqla danışır və Ağadadaş Qurbanovun sənət albomunu mənə nümayiş etdirir. Fotolar çoxdur. “Zəncirlənmiş adam” qısametrajlı filminin fotolarına baxıb, olduqca təsirli film olduğunu deyirəm. Firəngiz xanım, sözlərimlə razılaşır və “Arşın mal alan” filmindən çəkilən fotoları mənə nümayiş etdirir.

-1965-ci ildə çəkilən “Arşın mal alan” filmi... Atanızın son filmidir...

- Çox təəssüf ki, elədir. “Arşın mal alan” atamın son filmi oldu. Heç sonadək çəkilə bilmədi. Buna görə də “Arşın mal alan”da sonuncu səhnə - Soltan bəyin toy səhnəsi onsuz çəkilib. Mən hər dəfə filmin toy səhnəsinə baxanda hiss edirəm ki, ən kədərli, qüssəli səhnə həmin epizoddur. Bunu aktyorların simasından da hiss etmək olur.

- Bilirəm. Eyvan uçmuşdu və Ağadadaş müəllim, Gülşən xanımla birlikdə yıxılmışdılar.

- Təəssüf ki, elədir. Gülşənin 15 yaşı vardı. Sizə əsas məqamı deyim. Deməli, çoxlara elə bilir ki, atam Salyanda filmin çəkilişləri zamanı həlak olub. Amma hadisə başqa şəkildə olub. Filmin həmin səhnələri pavilionda çəkilib. Sadəcə atamın Salyanda tamaşaçılarla görüşü keçirilir. Atamın səhnələri çəkilmədiyi günlərdə Salyanda görüşə gedir və həmişə olduğu kimi Gülşəni də özü ilə aparır. Son dövrlərdə qastrollara gedəndə Gülşənlə birlikdə gedərdilər. Hadisə də belə baş verib. Buna aydınlıq gətirmək istədim. Çünki bəzi adamlar elə bilrilər ki, bədbəxt hadisə filmin çəkilişləri zamanı Salyanda baş verib. Əslində isə məsələ belə olub...

Sizə deyim ki, bizim ailəmiz çox təvəzökar, ciddi olub. Atam çox qabiliyyətli, qanacaqlı adam idi. Ailədən belə tərbiyə görmüşdü. Çox tərbiyəli və başqalarına qarşı da diqqətli, tərbiyəli və hər zaman hər kəsə hörmət bəsləyərdi. Atamda insanlara qarşı hörmət hissi çox yüksək idi. Atam, teatrda çalışdığı dövrdə elə aktyorlar vardı ki, rekvizitçi, dərzi, xadimə və s. adlarını bilmirdilər. Atam isə teatrda çalışan hər kəsi - qapıçıdan, xadiməyə qədər şəxsən tanıyırdı. Adlarını bilirdi və onlarla hər gün xüsusi salamlaşırdı. Ümumiyyətlə atamın xarakteri beləydi. Hər kəsə hörmətlə yanaşmaq. Ona görə də teatrda çalışanlar atama hörmətlə yanaşırdılar və onu ürəkdən sevirdilər. Ağadadaş Qurbanov bu hörməti, sevgini özü qazanmışdı. Ramiz Həsənoğlu “Cavid ömrü” filmini çəkəndə oğlum filmdə geyim üzrə rəssam kimi çalışırdı. Günlərin birində filmə təcili lazım olan kostyumu əldə etmək üçün Azdramaya gedib. Həmin teatrın kostyum sexinin rəhbəri biləndə ki, oğlum kimin nəvəsidir, geyimi rahatlıqla, ürəklə oğluma təslim edib. Azdramanın kostyum sexinin rəhbəri olan o qadın atamı yaxşı tanıyırmış. Cavid danışırdı ki, həmin qadın ona babasının necə gözəl insan olduğundan danışıb.

Azərbaycanın Otello

- Firəngiz xanım, fotolara baxıram. Zahirən atanıza oxşayırsınız. Hamlet müəllim də çox oxşayırdı. Gülşən xanımın gözləri də eynən atanıza bənzəyirdi.

- Hə, gözlərimiz, baxışlarımız atamıza oxşayır. Hamlet lap çox oxşayırdı. Amma xarakterlərimiz fərqliydi.

- Təəssüf ki, Ağadadaş Qurbanov bədbəxt hadisə nəticəsində 54 yaşında, Hamlet Qurbanov ağır xəstəlikdən sonra 57 yaşında, Gülşən xanım isə qəflətən 55 yaşında vəfat edib.

- İndi siz deyirsiniz, düşünürəm ki, həqiqətən də hər üçü dünyanı vaxtsız tərk etdilər. Heç 60 yaşa çatmadılar...

- Atanız ailədə necə insan idi? Eşitdiyimə görə ciddi xarakteri olub.

- Çox ciddiydi. Amma mənə qarşı beləydi. Bəlkə evin ilk qız övladı olduğuma görə. Axşam hava qaralmadan evdə olmalıydım. Mənə acıqlanmazdı. Nəsə deməzdi. Sadəcə bir baxışı ilə bildirərdi ki, daha belə etmək olmaz.

Azərbaycanın Otello

- Bəs Gülşən xanıma qarşı necəydi?

- Gülşənə qarşı başqa cür idi. Əvvəla Gülşən məndən çox balacaydı. Həm də Gülşən uşaqlıqdan qaynayırdı. Gülşən, çılğın, emossional adam idi. Hər zaman danışıb, gülərdi. Mən isə sakit, azdanışandım.

- Yəqin, Gülşən xanım ananıza oxşayıb...

- Yox, əksinə Gülşənin çılğınlığı atama oxşayırdı. Anamın xarakteri tam fərqliydi. Anam çox intellegent, ciddi və təmkinliydi. Ziyalı ailədə böyümüşdü. Anamın atası Həbibulla Abdullaxan İranın Rusiya İmperiyasındakı konkret Azərbaycandakı o zamankı konsulu olub.

- Ananızın qardaş, bacısı var idi?

- Qardaşları var idi. Amma 1937-ci ildə repressiya olundular. İranda qohumları olduğuna görə, dayılarımı məhv etdilər. Anam çox gözəl qadın idi. Xarakteri də gözəldi. Hamı ilə dil tapmağı bacarırdı. Anam o qədər gözəl ailə tərbiyəsi görmüşdü ki, heç zaman özünə yaraşmayan kəlməni dilinə gətirməzdi. Sözünü deməyi bacaran və dediyi sözün üzərində dayanan xanım idi.

- Əsl aristokrat olub.

- Bəli, sözün tam mənası ilə əsl aristokrat, alicənab, ziyalı xanımdı.

- Moskvada təhsil almaq kimin təşəbbüsü ilə oldu?

- Moskvaya getməyimin təşəbbüskarı anam olub. Anamın sayəsində kitabları sevmişəm. O, kitablara baxıb, illüstrasiyalar çəkdiyimi və kinonu çox sevdiyimi görürüdü. Ona görə də mənə Moskva Beynəlxalq Kinematoqrafiya İnstitutunda təhsil almağı təklif etdi. Moskvaya anamla birlikdə getmişdik. Sənədlərimi İnstituta təqdim etdim. Səhəri gün Bakıya qayıtmalıydıq. Çox təəssüf ki, atamın ölüm xəbəri gəldi... Gülşənin isə qolu sınmışdı.

- Ağadadaş müəllim ölümcül zədə almışdı...

- Atamın qaraciyəri dağılmışdı. Ona görə də xilas etmək mümkün olmadı.

Azərbaycanın Otello

- Ağadadaş Qurbanov rusdilliydi?

- Yox. Anamın sayəsində öyrənmişdi. Atam ərəb əlifbasını bilirdi. Rol dəftərlərini bu əlifba ilə yazardı. Mən ona kiril əlifbasında rollarını oxuyardım, o isə ərəb əlifbası ilə yazırdı. Atam çox ailəcanlı, ailəni sevən kişiydi. Bəzən teatrdan evə tez gəlirdi və anam işdən qayıdana qədər evdə yemək də hazırlayırdı. Ümumiyyətlə yemək bişirməyi çox sevirdi. Əla yemək bişirirdi. Əlinin duzu var idi. Bilirsiniz, bir var yaradıcı adam, biri də var istedadlı adam. Atam, hər işdə istedadlıydı. Elə xörəklər bişirərdi ki, yeməyi dadan adam onun hazırladığına inanmazdı.

- Ananız əməkdar həkim olub...

- Anam, Sanitar Epidemiologiya Stansiyasında çalışırdı. Bakıya verilən suyun keyfiyyəni araşdırırdı. Kübra xanımı zarafatla "Suyun kraliçası" adlandırırdılar. Bakı şəhərinə verilən suyun keyfiyyətinə mənim anam cavabdeh idi. Hər gün suyun keyfiyyət göstəricilərini yoxlayırdılar.Həmişə mənə deyirdi ki, "Firəngiz, nə qədər mən sağam suyu krannan iç. Arxayın ol ki, su tər-təmizdir. Anam işində çox prinsipial idi. İşində heç kimə güzəştə getməzdi. Anam və atam heç kimin haqqında pis danışmazdılar. Ümumiyyətlə bizim evdə heç kimin sözü danışılımazdı. Atamın və anamın qeybətdən heç xoşları gəlmirdi.

- Yadımdadır, Gülşən xanım sizi çox istəyirdi. Adınızı tez-tez çəkirdi. Sizinlə böyük bacı kimi fəxr edirdi...

- Təbii ki, mən də onu çox istəyirdim. Kiçik, sevimli bacım idi. Sadəcə tez-tez görüşə bilmirdik. İşimiz, sənətimiz başqaydı. O teatrdan və televiziyadan çıxa bilmirdi, mən də kinostudiyadan. Əsasən, telefonla danışardıq və ad günlərində, xüsusi ziyafətlərdə, ailə məclislərində görüşürdük...

Ülviyyə Həsənqızı

Foto: Sultana Əhmədbəyli


Azərbaycanın Otello

Azərbaycanın Otello