Yanvarın 22-dən fevralın 22-dək Azərbaycanda onlayn formatda Böyük Britaniya Film Festivalı keçirilir.

Open.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə reallaşıb.

Festival altıncı dəfə olmaqla "CoolConnections" incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçirilir. Bütün filmlər Azərbaycan dilində alt yazıların müşayiəti ilə ingilis dilində nümayiş etdiriləcək. Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat bu gündən başlayacaq.

Bu il 16 fərqli ilhamverici film: “Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi, mükafata layiq görülmüş 8 qısametrajlı film nümayiş etdiriləcək.