“Gilavar” Azərbaycan Foto Klubu Azərbaycanda ilk dəfə “İlin Press Fotosu” adlı yeni layihəyə start verib.

Open.az xəbər verir ki, layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı foto müsabiqənin keçirilməsi nəzərdə tutulub.

Müsabiqənin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir.

Müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatların qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunur. Klubun beynəlxalq foto müsabiqələrin keçirilməsi üzrə kifayət qədər təcrübəsi vardır. Klub 2017-ci ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir.

Foto müsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu - xəbər, gündəlik həyat, portret, təbiət, idman və mədəniyyət ətrafında keçiriləcək. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq. Qaliblər hər mövzu üzrə ilk üçlükdə qərarlaşacaq. Qalib gələn fotolar arasından “İlin press fotosu” seçiləcək.

Müsabiqə haqqında ətraflı məlumatı http://gilavar.net/musabiqe saytından əldə etmək mümkündür. (AzərTac)