Yanvarın 15-i Azərbaycanın görkəmli kino tədqiqatçısı, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin yubileyidir.

Open.az xəbər verir ki, görkəmli kino xadiminin 80 yaşı tamam olur.

Aydın Kazımzadə Azərbaycanda kino mətbuatının yaradıcısıdır. Uzun illər " Kino " qəzetinin və " Film " jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, " Azərkinovideo " İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb.

Azərbaycan kinosunun yorulmaz tədqiqatçısı Aydın Kazımzadənin yubileyidir

Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və ümummilli lider Heydər Əliyev tərəfindən sərəncamla avqustun 2-ni Mill Kino Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır. Həmçinin, Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.

Azərbaycan kinosunun yorulmaz tədqiqatçısı Aydın Kazımzadənin yubileyidir

Azərbaycan kinosuna yorulmaq bilmədən xidmət edən görkəmli kino tədqiqatçısını, milli kinomuzla bağlı araşdırmalar edən, məqalələr yazan, kitablar nəşr etdirən kino sahəsinin akademikini yubileyində təbrik etməyi özümə borc bildim. Yüksək əhval-ruhiyyədə olan Aydın Kazımzadə hazırda İctimai Televiziyanın onun haqqında proqram hazırladığını dedi və özü ilə bağlı bir neçə başqa vacib xəbərləri də bizimlə bölüşdü:

Azərbaycan kinosunun yorulmaz tədqiqatçısı Aydın Kazımzadənin yubileyidir

"Təbrikə görə çox sağ olun. Hazırda yoldayam. Kinostudiyaya gedirəm. Bu gün İctimai Televiziyada nümayiş edilən "Ötən günlər" proqramının çəkilişi olacaq. Proqramın budəfəki buraxılışı mənə həsr olunub. Yanvarın 24-də isə "Azərbaycanfilm" Kinostudiyası və Film Fondunun təşəbbüsü ilə Dövlət Film Fondunda 80 illik yubileyimlə bağlı tədbir keçiriləcək. Yubileyim ərəfəsində mənə ən böyük hədiyyəni isə Prezident İlham Əliyev etdi. Belə ki, hörmətli Prezidentimiz mənə ikiotaqlı mənzil hədiyyə edib. Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz. Şəfiqə Məmmədovaya da minnətdarlığımı bildirirəm. Yeni işlərə gəlincə isə hazırda "Xatirələr" kitabını yazıram. Yazdıqca nələr üzə çıxır... Sən demə kino aləmi yaxşı mənada böyük həngamədir. Maraqlı kitab alınacaq. Artıq, son səhifələrini yazıram. Bitirməyimə az qalıb. Həmçinin "Azərbaycanın Kino Salnaməsi"nin ikinci cildi hazırlanır. Birinci cild Bədii və Animasiya filmlərinə həsr edilib. 1898-2018-ci illəri əhatə edir. Birinci cildi artıq mətbəəyə təqdim etmişəm. İkinci cild də yoldadır. Bilirsiniz, bu işləri görüb, meydana çıxartmaq heç də asan başa gəlmir. Günlərlə, aylarla arxivlərdə oluram. Bu işləri görmək üçün iki göz kor olmalıdır. Mənim də gözlərim çox zəifləmişdi. Demək olar ki, heç görmürdüm. Həkimlərin müdaxiləsi ilə şükürlər olsun ki, indi yaxşıyam. Sözümün canı odur ki, gözünün nurunu itirmədən, bu yazıları ortaya qoymaq olmaz. "Azərbaycanın Kino Ensiklopediyası"nın da ikinci cildini hazırlayıram. Bir sözlə qarşıda görüləcək işlərim çoxdur. Yubiley günümdə məni yad etdiyiniz üçün sizə minnətdaram və arzum odur ki, sən də mənim kimi 80 yaşa çatasan və gümrah olasan". deyə Aydın Kazımzadə yubiley arzularını Open.az saytının oxucuları ilə bölüşüb.

Azərbaycan kinosunun 80 yaşlı yorulmaz tədqiqatçısını, kino aləminin akademikini təbrik edir, can sağlığı diləyirəm!

ÜLVİYYƏ HƏSƏNQIZI