Azərbaycan Milli İncəsənət Muzeyi ilə A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Open.az xəbər verir ki, tədbir MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakıda keçirilən “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində baş tutub.

Hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında öz üzərilərinə öhdəlik götürüblər.

Sazişə əsasən, birgə elmi-tədqiqat işinin aparılması, mədəni-maarifləndirici layihələrinin hazırlanması və realizasiyası; birgə elmi proqramların keçirilməsi; işgüzar görüşlərin təşkil edilməsi; elmi informasiyanın, sənədlərin, ədəbiyyat və biblioqrafik nəşrlərin, eləcə də alim və mütəxəssislərin mübadiləsi və s. Tərəflər əməkdaşlıq, mədəni irsin öyrənilməsi və geniş vüsət alması, o cümlədən elmi və mədəni əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı maraqların olduğunu vurğulayıblar.

Memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və A.Kasteyev adına Qazaxıstan Respublikasının Dövlət İncəsənət Muzeyinin direktoru, professor, Qazaxıstanın Əməkdar incəsənət xadimi Gülmira Şalabayeva imzalayıblar.