Özbəkistan Respublikasının Kokand şəhərində 2019-cu ilin 10-15 sentyabr tarixində I Beynəlxalq Kokand Xalq Tətbiqi İncəsənət Festivalı keçirilib.

Open.az xəbər verir ki, Festivalda Azərbaycanın beş xalq tətbiqi-dekorativ sənət ustası iştirak edib.

Ölkəmizin stendi öz dizaynı, sənətkarlıq məhsullarının hazırlanma texnologiyası, milli geyimlərimiz ilə yerli və xarici qonaqların diqqət mərkəzində olub.

Azərbaycan xalçaları, ağac və taxta üzərində oyma nümunələri, kəlağayılar, təkəlduz, miniatür suvenirlər, ipək üzərində rəsm əsərləri tədbirdə nümayiş olunub, həmin nümunələrin hazırlanması əyani şəkildə göstərilib, ustad dərsləri təşkil edilib.

Qeyd edirik ki, festival çərçivəsində əl işlərinin müxtəlif nominasiyalar üzrə müsabiqəsi keçirilib, beynəlxalq münsiflər heyəti tərəfindən yetmiş səkkiz ölkədən iştirakçı sənətkarların əsərləri qiymətləndirilib. Azərbaycan təmsilçiləri təsis edilmiş 11 nominasiya içərisində qaliblər sırasında olub.

Ölkəmizi təmsil edən sənətkar Nahid Vahabovun əl işləri “Ən canlı sənət işi” nominasiyası üzrə qalib sayılıb və pul mükafatına layiq görülüb.