"15 ildir ağır şəkərəm. Sol ayağım çoxdandır tutulub. Yaxşı hərəkət edə bilmirəm. Sağ ayağım da bir neçə gündür tutulmağa başlayıb. Yeriyə bilmirəm."

Bu fikirləri Open.az-a açıqlamasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru, əməkdar artist Rəhman Rəhmanov deyib.

Aktyorun sözlərinə görə, bu gün həkimlərin əsaslı müayinəsi olacaq və günün sonunda müalicənin necə davam edəcəyi barəsində qərar veriləcək: "Həkimlər bu gün evə gəlib, məni müayinə edəcəklər və nəhayət bir qərar veriləcək ki, müalicə necə aparılsın. Ayaqlarım şişib, gəzə bilmirəm. Evin içində əsa ilə bir-iki addımı güclə atıram. İnşallah, ümid edirəm ki, sağalaram. Allah hamımıza şəfa nəsib eləsin. Əsas insanın canının sağlığıdır".

Qeyd edək ki, 45 ildir Azərbaycan Dövlət Kukla Teatrında çalışan 62 yaşlı aktyor 2014-cü ildə Azərbaycanın Əməkdar artisti Fəxri adına layiq görülüb.

Ülviyyə Həsənqızı

Rəhman Rəhmanov: Əsa ilə bir-iki addımı güclə atıram