Erməni kinematoqrafçılarının yalanlar üzərində çəkdiyi “Arsax Qara bağ” filmində dəyişiklik edilib. Belə ki, filmdə Azərbaycan haqqında yalan məlumatlar olan hissə çıxarılıb və “Arsax Respublikası” kimi qeyd olunan hissə dəyişdirilərək, Ermənistan ilə əvəz olunub.

Open.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən aldığı məlumatda qeyd edilib.

Mədəniyyət Nazirliyinin məlumatında bildirilir ki, artıq müəyyən addımlar atılıb: “Həmin filmin 71-ci Berlin film festivalının proqramlarının birində nümayiş etdirilməsi nəzərdə tutulub. Film haqqında festivalın saytında məlumat gedən kimi Mədəniyyət Nazirliyi bunun qarşısını almaq məqsədi ilə tədbirlər görməyə başladı. Mədəniyyət naziri Anar Kərimov Almaniyanın Mədəniyyət və Media üzrə müvəkkilinə etiraz məktubu göndərdi, eyni zamanda Berlin film festivalının direktoruna da etiraz məktubu göndərilib”.

Qeyd olunur ki, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri ilə nazirlikdə görüş keçirilib və görüş zamanı A.Kərimov səfirə bu məsələ ilə bağlı öz etirazını bildirib: “Filmin istehsal edildiyi ölkə kimi qondarma “Arsax Respublikası” kimi qeyd olunmuşdu. Hazırda Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin “Arsax Respublikası” kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub. Amma film hələlik qalıb”.

Kinematoqrafiya şöbəsi onu da qeyd edib ki, nazirlik öz işini davam etdirəcək və biz nəticəni gözləyirik: “Festivaldan çıxarılma məsələsi belədir ki, filmin proqramdan çıxarılması məsələsi qəliz məsələdir. Bilirsiniz ki, festivallar Avropada müstəqil qurumlardır. Hər halda biz öz etirazımızı bildirmişik”.