"Azərbaycan və Rusiya Teatrını biri-birinə dərin köklər, dostluq əlaqələri bağlayır. Malıy Teatrın kollektivi ilk dəfə altı il əvvəl Bakının qonağı olub. Sonra isə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı sizin qonağınız oldu. O zamanlar sizin Teatrda davam edən "dəhşətli" təmiri unuda bilmirəm. Adama elə gəlirdi ki, o təmir heç vaxt bitməyəcək".

Bu fikirləri Rusiya Dövlət Akademik Malıy Teatrının Bakıda qastrol səfəri çərçivəsində keçirilən mətbuat konfransında, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Baş rejissoru, Xalq artisti Aleksandr Şarovski deyib.

Aleksandr Şarovski Rusiya Akademik Malıy Teatrının Bədii rəhbəri, Rusiyanın Xalq artisti Yuri Solomin ilə görüşündən və Malıy Teatrın yüksək teatr ənənələrini qoruyub, saxlamasından da danışıb.

"Malıy Teatrda olduğumuz zaman böyük sənətkar, dünya miqyaslı aktyor Yuri Solomin bizi Ostrovskinin kabinetində qəbul etdi. Həmin günü və o görüşü heç zaman unuda bilmərəm. Orada rusiyalı jurnalistlər bizimlə görüşüb, müsahibə aldılar. 50-dən çox foto çəkildi. Amma bütün fotoların əsas qəhərmanı Yuri Solomin idi. Onunla görüşümüz çox maraqlı keçdi. Malıy Teatrın 300 illik tarixi var. Qədim Teatrdır. Amma Malıy Teatr heç dəyişmir. Tarixi köklərə bağlıdır. Yaxşı ənənələri qoruyub saxlayır. Heç bir "dəbə" ayaq uydurmur. Malıy Teatr Rus Teatrının ürəyidir. Malıy Teatrın səhnəsində hər zaman yüksək səviyyəli aktyorlar, böyük sənətkar çıxış ediblər. Ona görə də belə böyük sənətkarların Bakıya gəlməsi, Azərbaycan səhnəsində çıxış etməsi bizim üçün böyük şərəfdir. İnşallah, 2020-ci ildə də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Malıy Teatrının qonağı olacaq. Növbəti il Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illik yubileyidir. Yubiley ilimizdə bizlər də, sizlərə qonaq gələcəyik".

Ülviyyə Həsənqızı

Aleksandr Şarovski: Malıy Teatr Rus Teatrının ürəyidir