Ötən gün vəfat edən Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov bu gün torpağa tapşırılıb.

Open.az xəbər verir ki, avqustun 19-da beyin insultu keçirən aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum aktyorla vida mərasimi bu gün Təzə Pir məscidində keçirilib.

Mərasimdə Akademik Musiqili Teatrın kollektivi ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri, Məhərrəm Qurbanovun doğmaları, ailə üzvləri, sənət dostları mərhum aktyorla son dəfə vidalaşmaq üçün Təzə Pir məscidinə gəliblər.

Məhərrəm Qurbanovun qəfil ölümü ailəsini, doğmalarını dərin yasa boğub. Mərhum aktyorun yeganə qızı Aytən Məhərrəm atasının sentyabr ayını səbirsizliklə gözlədiyini yana-yana deyirdi: "Payızda 60 illik yubileyini keçirmək istəyirdi. Həm də düşünürdü ki, 60 illik yubileyilə bağlı "Əməkdar artist" Fəxri adına layiq görüləcək. Atamın arzuları ürəyində qaldı. Dostlarını başına yığıb, yubileyini keçirmək istəyirdi. Qismət olmadı. Bu gün bütün dostları yenə də buradadır, hamı onun başına yığılıb. Amma atam artıq yoxdur...".

Mərhum aktyorun ruhuna oxunan dualardan sonra Məhərrəm Qurbanov dostlarının çiynində, gur alqış sədaları altında son mənzilə yola salınıb.

Dəfn mərasimi Yasamal qəbiristanlğında olub. Belə ki, doğmaları əvvəlcə Məhərrəm Qurbanovu Gəncədə dəfn etmək istəsələr də yeganə qızı Aytən Qurbanova atasının Bakıda torpağa tapşırılmasını arzulayıb.

Məhərrəm Qurbanova Allahdan rəhmət diləyirik!

Ruhu şad olsun!

Ülviyyə Həsənqızı