Oktyabrın 18-20-də Bakı şəhərində II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir.

Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun rəhbərliyi Azərbaycanda film festivallarının keçirilməsini kinomuzun inkişafı üçün vacib amillərdən sayır və daima bu istiqamətdə iş aparıb. Artıq İttifaq əsası Çexiyada animasiya filmləri çəkən azərbaycanlı Rəşid Ağamalıyev tərəfindən qoyulmuş Beynəlxalq Animasiya Film Festivalı ilə birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu da o deməkdir ki, uşaqların zövqünün və dünya görünüşünün formalaşmasında, o cümlədən kino dilinin inkişafında mühüm rol oynayan animasiya kimi vacib janrı hədəf götürən festivalın keçirilməsi böyük əhəmiyyətə malik olduğu üçün bu proses davam edəcək.

Xatırladaq ki, ikinci dəfə keçirilməsinə baxmayaraq festivalda iştirak üçün 50 ölkədən 268 müraciət olunub. Almaniya, Azərbaycan, Çexiya, İtaliya və Polşa nümayəndəsindən ibarət seçim komitəsi müsabiqəyə 25 ölkəni təmsil edən 54 film buraxılıb.

Festivalın Beynəlxalq münsif heyətinə Məsud Pənahi rəhbərlik edəcək. Paralel keçəcək animasiya filmləri üçün ssenarilər müsabiqənin qalibini isə Ramiz Fətəliyev (Azərbaycan), Zeynəb Qurbani Fəryad (İran), İntiqam Qasımzadə (Azərbaycan) və Gülşən Tofiqqızının (Azərbaycan) təmsil olunduğu heyət müəyyən edəcək. Festival reqlamentinə görə, münsiflər heyəti “ən yaxşı qısametrajlı animasiya filmi”, “uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” , “qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” nominasiyaları üzrə mükafatlar təqdim edəcək. Eyni zamanda hər bir tamaşaçı səs verməklə də animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan da səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.

AKİ Beynəlxalq Animasiya Festivalının əsas tərəfdaşı oldu

AKİ Beynəlxalq Animasiya Festivalının əsas tərəfdaşı oldu