Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup gənc aktyorları, Teatrın direktoru Ədalət Hacıyevin rəhbərliyi ilə kurort şəhəri sayılan Şekvetilidə keçiriləcək Beynəlxalq yay teatr məktəbində iştirak etmək üçün Gürcüstana yola düşüblər.

Open.az xəbər verir ki, iyunun 21-dən 30-dək keçiriləcək yay məktəbi çərçivəsində Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Lyudmila Duxovnaya digər ölkələrin mədəniyyət və incəsənət xadimləri sırasında aktyorluq sənəti üzrə ustad dərsi keçəcək.

"Şekvetili 2019" Beynəlxalq yay teatr məktəbi layihəsinin təşkilatçılarından biri “Russkiy klub” Beynəlxalq mədəni-maarifçilik birliyidir.

Qeyd edək ki, yay məktəbi dördüncü dəfədir ki, altı ölkədən olan gənc aktyor və universitet tələbələrini bir araya gətirir. Yay teatr məktəbi çərçivəsində canlı ünsiyyət formasında səhnə danışığı, səhnə hərəkəti üzrə treninq-kurslar, aktyorluq sənəti üzrə ustad dərsləri və müasir rus teatrı tarixi üzrə mühazirələr keçiriləcək.

Layihənin məqsədi- rus və postsovet teatrlarının gənc aktyorlarının peşəkar inkişafına kömək etmək, həmçinin yaradıcı və şəxsiyyətlərarası əlaqələrin möhkəmləndirilməsidir. Məktəbdə Rusiyada fəaliyyət göstərən teatr universitetlərinin qabaqcıl mütəxəssisləri dərs keçəcək.

"Şekvetili 2019" Beynəlxalq yay teatr məktəbində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrını Rumiyə Ağayeva, Tamailla Abutalıbova, Oleq Əmirbəyov, Natəvan Hacıyeva, Fəridə Nesterenko, Teymur Rəhimov, Bella Safina təmsil edəcək.

Ülviyyə Həsənqızı