Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusiya Respublikasının Xalq artisti Natalya Qaydanın 80 illik yubileyi qeyd olunub.

Open.az xəbər verir ki, mərasimə dəvət edilən azsaylı qonaqlar arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Respublika və Beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Nərgiz Kərimova da olub.

İstedadlı aktrisa eyni zamanda, Ukraynanın İvan-Frankovski şəhərində keçirilən, dünyanın 43-dən çox dövlətinin incəsənət nümayəndələrinin qatıldığı beynəlxalq "Карпатский простор" festivalında da ölkəmizi layiqincə təmsil edib.

"Arşın mal alan" (Ü.Hacıbəyli) və "Silva" (İ.Kalman) operettalarından, həmçinin, "Sindibadın qayıdışı" rok-operesından (R.Sadirxanov) müxtəlif ariyalar ifa edən əməkdar artistin çıxışı tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb.

Nərgiz Kərimova istər Minskdə, istərsə də İvanko-Frankovski şəhərlərində təşkil olunan tədbirlərdə ifa etdiyi partiyaların xüsusi ilə də ana dilimizdə səsləndirdiyim Gülçöhrənin ariyasının çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılandığı bildirib.