Sentyabrın 20-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli - XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın "O olmasın, bu olsun” musiqili komediyası ilə açacaq.

Open.az xəbər verir ki, əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Bu gün 63-cü dəfə (yeni quruluşda) təqdim olunacaq tamaşada Xalq artisti, "Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, "Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə və başqaları çıxış edəcəklər.

Səhnə əsərində həmçinin, İran İslam Respublikasının böyük gülüş ustası, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn hambal obrazını canlandıracaq.

Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri – Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Akademik Musiqili Teatr dahi bəstəkarın bu ölməz əsərindən zövq almaq istəyən hər kəsi dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "iticket.az” saytından əldə etmək olar.