İyunun 10-dan 16-dək Tatarstanın Kazan şəhərində ənənəvi “Novruz” festivalının egidası altında ilk dəfə olaraq “Novruz məktəb” (“Nauruz school”) Beynəlxalq tələbə tamaşaları festivalı keçirilib.

Open.az xəbər verir ki, Tatarıstan, Başqırdıstan, Qazaxstan, Macarıstan, Yakutiya, həmçinin Moskvanın bədii təhsil məktblərinin iştirak etdiyi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri Röyal Allahverdiyev, Elsevər Rəhimov, Esmeralda Abudullayeva, Səmayə Ağayarova, Ələkbər Axundov, Çinarə Qurbanova, Saleh Cümşüdlü, Çinarə Səmədova, Aysel Feziyeva, Orxan İsrafilov və Rafael Quliyev (kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru Xalq artisti, dosent Məmmədsəfa Qasımov) Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” tamaşası ilə çıxış ediblər. Kollektiv festivalda iştirakına görə diplomla təltif olunub.

Festivalda həmçinin, “Teatrşünaslıq” kafedrasının müəllimləri, ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov və baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova iştirak edib.

“Novruz” festivalının əsas proqramına ekspert kimi dəvət alan İsrafil İsrafilov təşkilat komitəsinin xahişi ilə “Novruz. Məktəb” festivalında da fəal iştirak edərək öz fikirləri, irad və təklifləri ilə gənclərə dəstək olub.

Teatrşünas Fəridə Cəlilova isə ədəbi materialı rus dilinə çevirib, sinxron tərcüməni həyata keçirib və ustad dərslərində həm tərcüməçi, həm də mütəxəssis kimi fəal iştirak edib.

Teatr təhsilinə dəstək olmaq məqsədini qarşıya qoyan festivalda tamaşaların nümayişi ilə yanaşı, bir sıra müzakirələr, seminarlar və ustad dərsləri baş tutub. Qazaxıstanın Əməkdar incəsənət xadimi Yerlan Bilalov məxsusi olaraq, ADMİU-nun tələbələri üçün, ADMİU-nun müəllimi, Xalq artisti, dosent Məmmədsəfa Qasımov Qazaxıstanlı tələbələr üçün ustad dərsi keçib.

Festivalın sonunda professor İsrafil İsrafilova və Xalq artisti Məmmədsəfa Qasımova ixtisasın təkmilləşdirilməsi haqqında şəhadətnamə təqdim edilib.