İzzət Əzizov - Azərbaycanın peşəkar operatoru.

Ömrünün 33 ilini Azərbaycan Dövlət Televiziyasına bağlayan və günlərin birində doğma evi saydığı televiziyadan ayrılmağa məcbur olan peşəkar sənət adamı...

Mayın 24-nə az qalırdı. Fuad Poladovla bağlı yazılar hazırlayırdım. Həmin ərəfədə İzzət Əzizov zəng etdi. Mənimlə uzaqdan-uzağa tanış olduğunu bildirdi. Bizi biri-birimizə bağlayan qüvvə isə...

Open.az peşəkar operator, rejissor İzzət Əzizovla müsahibəni təqdim edir.

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

-İzzət müəllim, özünüz haqqında sizi yaxından tanımayan oxucuya qısaca məlumat verin.

- Məni tanıyan bilir. Tanımayanlar üçün deyim ki, 1956-cı ildə Bakıda doğulmuşam. Əslən Şağanlıyıq. 31 saylı orta məktəbi bitirmişəm. 1973-cü il avqustun 13-də Azərbaycan Dövlət Televiziyasında işə başlamışam. İlk dəfə operator ştatında yer olmadığı üçün Sabir Əliyevin rəhbərlik etdiyi səs rejissorları qrupuna “mikrofon operatoru” kimi işə qəbul olunmuşam. Siz bilsəydiniz ki, mən o zaman kimlərlə, peşəkarlıq baxımından hansı səs rejissorları ilə çalışmışam? Hətəm Əmiraslanov, Lazer Çernomordikov, Rauf Haşımov və başqaları.

1985-ci ildə Moskvada operator kurslarını bitirdim. 1973-cü ildən 2006-cı ilədək Azərbaycan Dövlət Televiziyasında çalışdım və avqustun 13-də işə qəbul olunduğum kimi eyni gündə yəni avqustun 13-də məni “işdən atdılar bayıra”.

- Sizin kimi peşəkar operatoru hansı səbəblə işdən çıxartdılar?

- Dedilər ki, işə gəlmir. Halbuki, hamı bilir ki, mənim işimdən başqa heç bir işim olmayıb. Sadəcə öz fikrim olub. Sözün düzünü deyirdim. Tək səbəb yəqin ki, bu idi. İstədiyim nə idi? Çalışmaq və çalışmaq üçün normal mühit.

- Arif Alışanovun sədr olduğu zamanı deyirsiniz?

- Sözsüz. Hələ müavin olduğu vaxlarda tez-tez qapısını açıb, özümdən çox başqalarına kömək istədiyim, (insafən o, da kömək edirdi) bütün çatışmayan problemləri dediyim, Arif Alışanov sədr keçən kimi ilk ixtisara saldığı əməkdaşların siyahında mənim adımı birinci yazdı. Ülviyyə, mən şikayət etmirəm. Gedənin ardınca hamı danışır. Arifdən gözləntilər böyük idi. Amma nə oldu? Ondan əvvəl Nizami Xudiyev televiziyaya gəldi və 10 il rəhbər oldu. Nizami müəllimin dilçiliyinə, professorluğuna heç bir şübhəm yoxdur. Amma 10 ildə Nizami Xudiyev heç nə itirmədi. İtirən kim oldu? Televiziya, orada çalışan peşəkarlar və getdikcə Azərbaycan Televiziyasından uzaqlaşan tamaşaçılar. N.Xudiyev AzTv-yə sədr gələndən bir ay sonra dostlara demişdim ki: “Adam, o təzə vışkanın (qüllə) başına çıxıb SOS deyə qışqırmaq istəyir”. Amma sənin səsini, sözünü eşidəcək adam onsuzda yoxdur.

Ülviyyə, sən heç düşünmədin ki, mən sənə niyə məhz 24 may ərəfəsində zəng etdim? Çünki mayın 24 –də mənim doğum günümdür. Mənim dünyaya gəldiyim gündə bizim hər ikimizin çox istədiyimiz böyük şəxsiyyətin doğum günüdür. Həyat uzun yola bənzəyir. Yollarda döngələr, eniş-yoxuşlar var. Amma yollarda həm də körpülər mövcuddur. Mən hesab edirəm ki, rəhmətlik Fuad Poladov bizi bu söhbətə gətirən böyük körpüdür.

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Elədir. Mayın 24-də Fuad müəllimlə eyni gündə dünyaya gəlmisiniz...

- Bəli. Fuadla aramızda ruh bağlığı var idi. İkimizdə eyni gündə doğulmuşuq. Fuad Poladovla dost olmamışıq. Amma ruhən yaxın olmuşuq. Bayramlarda, özəl günlərdə və ən əsası doğum günlərində zəngləşirdik. Mən Fuad Poladovu, öz növbəsində Fuad da məni təbrik edirdi. Fuadla biz 30 il bundan əvvəl tanış olmuşduq. O zaman Vaqif Səmədoğlu haqqında veriliş çəkmişdik. Rejissoru Nailə Əkbərova, redaktoru Suğra Rəhimova idi. Gözəl veriliş alınmışdı. "Sevgilim, mən öləndə..."adlı məşhur şeiri ilk dəfə bizim çəkdiyimiz verilişdə söyləmişdi. Gör nə vaxt idi... O şeiri ilk dəfə onda dedi və o qədər gözəl söyləmişdi ki, həmin səs indiyədək mənim yaddaşımda qalıb. Xüsusilə “Mən ölüm, ağla” ifadəsi...

- Mən də ilk dəfə Fuad Poladovun ifasında həmin şeiri Azərbaycan Televiziyasında eşitmişəm. Bir də "Nə gözəldir, tazə-tərdir, qızılgüllər" səhv etmirəmsə, Turgenevdən seçmələr idi. Onu da uşaqlıqda Fuad Poladovun ifasında eşitmişdim.

- “Qızılgüllər”i də xatırlayıram. Amma "Sevgilim, mən öləndə..." şeirini ilk dəfə bizim proqramda deyib.

- Bu veriliş neçənci ildə çəkilmişdi?

- İl olaraq xatırlamıram. Amma 30 il, bəlkə də çox olar. İlk verilişdən sonra Fuada dedim ki, "İnşallah, bir gün yenidən nəsə bir iş görərik".

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Yeni nə iş gördünüz?

- O zaman Fuad Poladovun Akademik Milli Dram Teatrında tamaşaları nümayiş olunurdu. Fuadın iştirakı ilə olan tamaşaların bir neçəsini çəkmişdik.

- Hansı tamaşasını çəkmişdiniz? Yadınızda qalıb?

- Fuad Poladovun iştirakı ilə çox tamaşalar var idi. "Kərgədan buynuzu" və “Kəndçi qızı” tamaşası yadımdadır. Onun çəkilişində operator kimi özüm iştirak etmişəm.

- Sonra birlikdə hansısa veriliş üzərində işlədiniz?

- Telejurnalist Sevil Nuriyeva ilə maraqlı veriliş çəkmişdik. Veriliş Fuada həsr olunmuşdu. Fuadı teatrda çəkmişdik.

- Fuad müəllim, Rus Dramasına getmişdi?

- Hə, artıq Akademik Dram Teatrından Rus Dramasına getmişdi. Sevil Nuriyeva zalda əyləşmişdi. Fuad isə səhnədən onun suallarını cavablandırırdı. Maraqlı veriliş alına bilərdi. Təəssüf ki, alınmadı...

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Niyə?

- Dəqiq yadımda deyil. Sevil Türkiyəyə getdi və verilişin taleyi müəmmalı qaldı. Bilmək olmaz. Qismət olsa nə vaxtsa bir xatirə kimi o verilişi hazılamaq olar.

- Siz, əminsiniz ki, o videoyazı Sevil xanımda qalıb?

- Ülviyyə, biz üç olduq. Çünki Sevilin də Fuada qarşı münasibəti məlumdur.

Səninlə səmimi söhbət etmək istəyirəm. Əsl sənət bataqlıqdır. Düşdünsə, çıxa bilmirsən. Böyük sənətkarımız Lütfəli Abdullayevin qızı, televiziya rejissoru Gülnarə xanım mənim yaxın dostlarımdan biridir. Hər dəfə məni görəndə deyir ki, "Sən, həvəslə, əlacsızcasına proyektlərinin arxasınca qaçırsan. Onlar isə heç kimə lazım deyil". (Gülür) Həqiqətən belədir vallah. Mən, də beləyəm. İşlərimə qarşı çox məsuliyyətli, çox həvəsliyəm, digəl heç nə əldə edə bilmirəm. Hərdən dostlarım deyir ki, bu işlərin başını burax. Özünü çox incitmə. Amma mən, həvəsimin arxasınca gedirəm. İçimdə çox işlər qalıb. Sovet vaxtı bir məhdudiyyət var idi. İndi də başqa məhdudiyyətlər, çətinliklər var.

- Hazırda yeni nə iş görmüsünüz?

- 11 ildən sonra yeni komediya çəkmişəm. Amma itirdiyim 11 ili mənə kim qaytaracaq? ( Ötən 11 ildə çoxlu maraqlı şəkillər çəkmişəm).

- 11 il əvvəl nə çəkmişdiniz?

- O zaman AzTv-də çalışırdım. “Nə bilək, vallah” "Qaz", "Hərənin öz payı, tayı", "Kəndimizə qayıdın", "Müəmmalı yubiley”, Sonra Zadornovun bir əsəri var idi. "Sizin ərinizi istəyirəm". Həmin əsəri götürüb, başqa yozumda "Müqəvva və məhəbbət üçbucağı" adı ilə teatr tamaşası hazırlamışdım.

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- O tamaşa qalıb?

- Sonuncu tamaşanın videoyazısı məndə var. Seyr etmək üçün sizə verərəm. Komediya idi. Həmin tamaşanı Opera və Balet Teatrında oynadıq. Düzdür, pulunu yığa bilmədik. Tamaşada yaxşı aktyor heyəti vardı. Dilarə Əliyeva, Azər Axşam, Qorxmaz Əlili, Xuraman Əlzadə və Vəfa Zeynalova. Mən o tamaşanı televiziya, kino və teatrla sintez etmişdim. Maraqlı tamaşa alınmışdı. İndi Allah mənə qismət eləsə onun musiqili filmini çəkmək istəyirəm. Pul tapsam çəkəcəm.

-Sizin bütün baş tutmayan işlərinizin arxasında pul dayanır. Maddiyat olmadan heç bir iş başa gəlmir...

- Pul çox böyük qüvvədir. Xüsusən, indiki zamanda və bizim ölkədə. Hazırda Mikayıl Müşfiqlə bağlı film-serial çəkmək istəyirəm. Çox maraqlı proyekt olmalıdır.

- Müşfiqə həsr olunan filmin ssenarisini kim yazacaq?

- Çox istəyirəm ki, Nadejda İsmayılova ilə Səlim Babullaoğlu yazsınlar. Nadejda xanım və dostum rejissor Namiq Şirəlibəyovla uzun illər birlikdə “Dalğa” proqramının rus dilində olan versiyasını hazırlamışıq. “Dalğa”da çalışanda Nadejda İsmayılova ilə bütün Qarabağı qarış-qarış gəzmişdik. Ən dəhşətli kadrlarımı Xocalı faciəsindən sonra Ağdam məscidində çəkmişdim. Meyitlərə baxa bilmirdim. O çəkilişim dəhşət idi. İlqar Əlfioğlu ilə Topxana meşəsində apardığımız çəkiliş də yaxşı yadımdadır. Deməli, bizdən əvvəl “Günün ekranı” xəbərlər proqramının çəkiliş qrupu Topxana meşəsinə yollanmışdı. Amma onların uçduqları vertolyotu Topxana meşəsinə enməyə qoymamışdılar. Sonradan bizim çəkiliş qrupumuz getdi. Bizim vertolyot ora enə bildi. Çəkiliş etməyə başlamışdıq ki, bir qoca erməni kişisi bizə yaxınlaşıb “Çəkilişi dayandırmağı və oradan təcili uzaqlaşmağı” məsləhət gördü. Hələ 1988-89-cu il idi. Bu hadisə mənə çox pis təsir etmişdi. Düşünürdüm ki, “İnsan özünə aid olan torpaqda gəzmək, çəkiliş etmək üçün niyə kimdənsə icazə almalıdır?” Sonra 20 Yanvar hadisələri zamanı başımıza gələnlər... Eh, o qədər yaddaqalan, ağrılı hadisələr olub ki... AzTv-dən gizlincə kameraları çıxarıb, Prezident Aparatından Şəhidlər Xiyabanına qədər kadrlar çəkmişdik. Özü də xəlvət, çətinliklə... “Şəhidlər Xiyabanı”nda məzarları çəkəndə artıq heç nə hiss etmirdim. Kədər, ağrı, göz yaşları, ana harayı... bunlardan key kimi olmuşdum. Fərizə ilə İlhamın məzarını ilk çəkən operatorlardan biri də mən idim. Bunları deməkdə məqsədim, özümü qəhrəman kimi göstərmək deyil. Həmin gün vəzifəmizi yerinə yetirmişik. İşimizi görmüşük. Amma vicdanla, şərəflə görmüşük. Bilirsiniz, Mikayıl Müşfiqi niyə bu qədər sevirəm? Müşfiq poeziyamızın yaralı mövzusu, yaralı yeridir. Kişi xeylağı olmasına baxmayaraq, Müşfiqi poeziyamızın yaralı gülünə bənzədirəm. Mənim ürəyimdə bir Müşfiq, bir də Şuşa həmin nöqtədə qərarlaşıb. Şuşa da yaralıdır. İlk dəfə 1988-ci ildə “Qarabağ marafonu”nu keçirəndə Şuşaya getmişdim. Bir həftə Qarabağı gəzdik, çəkilişlər etdik. Hələ də o əziz günlərin xatirəsi yadımda qalıb. İlk dəfə qaymaqla balı Şuşada yedim.

- Özü də Şuşanın qaymağı... Heyif, Şuşadan...

- Şuşadan bir də olmaz. Bax, Müşfiq mövzusu da mənim üçün Şuşadır. Yaralıdır. Ona görə də düşündüyümü çəkə bilsəm, film əla alınacaq. Sizə bir fikri deyim. Mikayıl Müşfiqin məzarı yoxdur. Amma onunla danışanlar çoxdur. Lap Fuad kimi. Baxmayaraq ki, Fuadın məzarı var. Amma onun məzarını hər gün ziyarət edə bilmirik ki? Doğrudur? Amma Müşfiqləri, Fuadları sevən, onlar kimi düşünən, şax gəzmək istəyən adamlar hələ də var.

Sonra məndə qarabağlı bir qızın müharibədən sonrakı həyatını əks etdirən ssenari var. Çox maraqlı, ürəyətoxunan ssenaridir. Amma...

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Yenə pul məsələsi?!

- İl yarım gəzdim. Heç kəs yaxın durmadı. Mən də qaldım belə. Həm də maddi məsələlərlə maraqlanıb, narahat olmaq mənim işim deyil axı? Sadəcə əmmalar çoxdur...

- Kömək etmək istəyən adamlar yoxdur? Ötən il M.Müşfiqin yubileyi idi. Hər halda Müşfiq mövzusu aktualdır

- Orası elədir. Aktualdır. Amma pul vermək istəyən yoxdur. Bu yaxınlarda bir nəfər iş adamının yanında oldum. Mənə demişdilər ki, maddi məsələdə köməklik edə bilər. Deməli, yarım saat danışdım. Axırda məndən soruşdu ki, Müşfiq kimdir?

- Nə danışırsınız? Lap elə dedi?

- Başa düşürəm, inanmaqda çətinlik çəkirsiniz. Bəli, Müşfiqin kim olduğunu bilmədi. Mən də musiqiçilərin sözü olmasın söhbətimə “ayaq” verdim və sağollaşıb otağı tərk elədim.

- Bəlkə özü qəsdən belə belə edib ki, çıxıb gedəsiniz. Ola bilməz ki, Müşfiqi tanımasın.

- Yox, nə danışırsınız, hiss etdim ki, ciddi-ciddi tanımır. Belə pis adam deyil, amma...

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Amma Müşfiqi tanımır...

- Bəli, tanımadı. Ötən il sanballı şirkət rəhbərlərindən birinə çox səmimi məktub yazdım. Məktubu qələmə almazdan əvvəl həmin şəxsin maraqlı müsahibəsini oxumuşdum. Sənətlə bağlılığı vardı. Maraqlısı budur ki, həm də yaxşı tar çalırdı. 1 həftədən sonra telefonuma zəng oldu. Bir xanım “müəllimin adından” mənim göndərdiyim proyektlə, xüsusən Müşfiqlə bağlı film-serialı çox bəyəndiyini dedi, amma əlavə etdi ki, belə proyektlərə ayırmağa pulları yoxdur.

- Dəhşətdir vallah. Və belə adamların köməyi sayəsində Müşfiq haqqında film çəkəcəyinizə ümid edirsiniz?

- İnşallah, ümidim var. Görək də. Ümid sonda ölür...

- Xeyirlisi. İzzət müəllim, gözüm divardakı şəkilə sataşır. Bu şəkil yeni filmdəndir?

- Görürsünüz, nə maraqlıdır? Divarda gördüyünüz bütün əşyalar, aksessuarlar yeni filmdəndir.

- Filmin adı necədir?

- Filmin əsl adı sonda bilinəcək. Amma titrdə ad olaraq “Qeyri-adi format” gedir. Çox maraqlı ssenarisi var. İndi hamısını danışmaq istəmirəm. Amma çox fərqli ssenari və xüsusi film alınıb. İnşallah, baxanda mənə haqq verəcəksiniz. Filmdə, yerləri səhv düşən adamlardan, ağlamalı gündə olub, gülməli situasiya yaşayanlardan bəhs edilir. Bir sözlə maraqlı filmdir. Özüm çəkdiyimə görə demirəm, amma bu gün çəkilən “hır-hır” komediyalara bənzəmir. Ciddi komediyadır. Amma hələ üzə çıxarıb göstərə bilmirəm.

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Ssenari müəllifi kimdir?

- Filmin ssenarisi Şahin Nəcəfov və mənə məxsusdur.

- Quruluşçu rejissor və operatoru sizsiniz?

- Yox, bu dəfə özümün çəkdiyim filmə operator götürmüşdüm. Rüfət Süleymanov operatorum idi. Geyim üzrə rəssam Sevda Məmmədova, qrim rəssamı Elbrus Vahidov, bəstəkar dostum Əhməd Əsgərin oğlu, Azər Hacıələsgərlidir.

- Rollarda kim çəkilib?

- Baş rolda Ramil Əliyev və Ülvi Həsəni çəkilib. Sonra Qorxmaz Əlili, Nicat Kazımov, Rəhman Rəhmanov.

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Yaxşı kollektiviniz olub

- (Gülür) Bir az zülümlü kollektiv olub.

- Nə mənada?

- Bu kollektivə görə filmi hələ ki, heç yerə yerləşdirə bilmirəm. Çünki çəkdiyim insanlar müasir zaman üçün “ulduz” deyillər...

- Başa düşmədim. Ulduz kimə deyirlər? Kimi istəyirlər?

- Ad çəkmək istəmirəm. Düzdür, heç kimdən qorxmuram, amma adlar çəkməyin də mənası yoxdur.

- Amma filmdə çəkilən Nicat Kazımov, Qorxmaz Əlili, Rəhman Rəhmanov üzdə olan adamlardır.

- Amma üzdə olmaq əsas deyil. Zamanın yetişdirdiyi “ulduzlar” var.

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- İzzət müəllim, Azərbaycan Televiziyasında rəhbərlik dəyişib. Bəlkə, yenidən doğma ocağınıza qayıdasınız...

- Yox. Qayıtmaram. Dostlarım da deyirlər. Amma yox.

- Axı niyə?

- Mənim ömrümü həsr etdiyim AzTv getdi. İndi o televiziya deyil.

- Amma yeni rəhbərlik və gördükləri işlərlə bağlı fikirlər müsbətdir.

- Orası elədir. Televiziyaya hərdən mən də baxıram. Elə adamlar var ki, onların fikri, düşüncəsi mənə maraqlıdır. Onların dilindən yaxşı fikirlər, sözlər eşidirəm. Bir-iki verilişə baxdım və görürəm ki, yeni rəhbərlik nəsə dəyişiklik etmək istəyir. Və bunu da edə bilər, əgər imkan versələr, mane olmasalar. Bilirsən, son zamanlar çox nüfuzlu adamların dilindən eşidirəm ki, “AzTv-də müsbət dəyişikliklər var. Yaxşı işlər görülür”. Həmin adamlara demək lazımdır ki, “Sən bir ay, bir il əvvəl görmürdün ki, hansı proseslər gedir?” Bunu indi deməyin mənası nədir?

- Yaxşı bir təklif də gəlsə, getməzsiniz?

- Maraqlı bir proyekt edə bilərəm. Proyektimi qəbul etsələr gedərəm. Amma mən hər işi görə bilmərəm, hər adamla işləyə bilmərəm axı? Mənim təcrübəm, gördüyüm işlər buna əsas verir. Hərdən bizim televiziyalara baxıram. Balaca respublikada bu qədər telekanal nəyə lazımdır? Heç birində də yenilik yoxdur. Haranı açırsan eyni adamlar, eyni müğənnilər. Nə qədər eyni adamlara baxmaq olar? Sənət haqqında proqramlar veriləndə də, yalnız rejissorların adlarını çəkirlər. Axı, bizim dəyərli operatorlarımız, kino, qrim rəssamlarımız, pirotexniklərimiz və. s. var. Bunların niyə adları çəkilmir? Mənim dostlarım var. Əlövsət Aslanov, Yusif Dadaşov niyə bunların adları çəkilmir və yaz az çəkilir? Yenə yaxşı ki, Eldar Məmmədovun hərdən adını çəkirlər. Eldar Abbasbəyli olub. Çox sanballı operator idi. Siyahı çoxdur. Pirotexnik Əlibala Məmmədov, rəssam Rəfael Əsədov, Rəfael Əlizadə... Bu adamlar haqqında yazmaq, danışmaq lazımdır.

- İnşallah, sizinlə başlayaq. Sizin ürəyinizdə olan və Azərbaycan televiziyası, radiosu, kinosu üçün qiymətli işlər görən hər kəslə yavaş-yavaş görüşərik.

- Son illər çəkilən film və seriallardan hansını bəyənmisiniz?

- İlham Qasımovun çəkdiyi "Oğlan evi 1" filmi yaxşıydı. Sonra Rövşən İsaxın çəkdiyi "Pərvanələrin rəqsi" serialı xoşuma gəlmişdi. Yaxşı aktyor ansamblı toplamışdı. Bir də “Lider” Televiziyasında Xanlar Ağayevin çəkdiyi “Qanun naminə” serialı yaxşıydı.

- Bəzən deyirlər ki, yaxşı ssenarilər yoxdur. Nə qədər yazıçılarımızın əsərləri var. Onların əsasında film, serial çəkmək olmaz?!

- Təbii ki, haqlısınız. Çox düz deyirsiniz. Olar. Həm də əlasından olar. Məsələn mən, Salam Qədirzadənin "Kəndimizdə bir gözəl var" əsəri əsasında film çəkmək istəyərdim. Sonra "46 bənövşə" necə gözəl əsərlər idi. Amma belə gözəl əsərləri götürüb ekranlaşdıranda, çox da müasirliyə, daha doğrusu aşırı müasirliyə qaçmaq lazım deyil. Əsərin ruhunu saxlamaq lazımdır. Mənə bəzən deyirlər ki, niyə operatorluğu atıb, rejissorluğa keçdiniz.

- Elə məni də düşündürən sualdır...

- Bilirsiz niyə? Hər rejissorun özünün operatoru var. Birlikdə çalışdıqları, biri-birilərini başa düşdükləri operator. Amma mənim öz fikirlərim var. Çox məsələləri daha yaxşı görə bilirəm. Bu da rejissorluq marağımdan, bacarığımdan irəli gəlir. Amma sanballı bir rejissorla məmnuniyyətlə film və tamaşa çəkərəm.

- İzzət müəllim üçün sanballı rejissor kimdir?

-Bu gün? ... Tariyel Vəliyev rəhmətlik sağ olsaydı, onunla işləyə bilərdim. Gülnarə Abdullayeva ilə işləyə bilərəm. Məhərrəm Bədirzadə, Şərif Qurbanəliyev...

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Bəs Ramiz Həsənoğlu?

- Ramizin özünün operatoru var. Mən hesab edirəm ki, Ramizlə Eldar Məmmədov tandem təşkil edirlər. Ora başqa operatorun gəlməsi mümkün deyil. Onların iş birliyi gözəl alınır. Ramiz Həsənoğlunun bir tamaşasında işləmişəm. Anarın "Mən, sən və telefon" əsəri əsasında Həsən Əbluc və Əminə Yusifqızının iştirakılə "Hər axşam 11-də" adlı televiziya tamaşası idi. Sonra o tamaşanı pozdular.

- Çox heyif. Kim pozdu?

- Daha onu bilmirəm. Ramizlə bir veriliş də çəkmişdik. Şəhriyara həsr olunmuşdu. "Heydərbabaya salam". Rəhmətlik, Rübabə Muradovanın son çəkilişlərindən idi. Təsirli veriliş alınmışdı.

- Belə demək olar ki, İzzət Əzizovu bir operator kimi itirmişik yoxsa?...

- Yox. Hələ ümid yeri var. İnşallah, yenidən çəkəcəm. Bu yaxınlarda bir prodüsseri gördüm. Mənə deyir ki : "Hər yerdə söyləyirəm ki, İzzət kimi operator yoxdur". Çünki özü çəkir, ona nəsə demək lazım deyil. Bir var operator icraçı. Yəni deyirsən kameranı bura qoy və çək.Bir də var ki, operatora nəsə demək lazım deyil. Özü nələri çəkəcəyini rejissordan yaxşı bilir. Elə operator əvəzsiz olur. Əsas odur ki, hər şey ürəkdən gəlsin. Gördüyün işə görə can yandırmalısan. Bizi batıran, aşağı çəkən bilirsiniz nədir? Mənim sizin işinizdən xəbərim yoxdur, amma sizə rəhbərlik etməyə, göstəriş verməyə çalışıram. Bu dəhşətli faktdır. İşlərim yolunda getsə, fikrimdə növbəti komediyanın ssenarisi dolaşır...

- Sizinki komediyadan gəlib...

- (Gülür) Komediyanı çəkməyimin səbəbi budur ki, bir az pul əldə edib, dramatik film, serial çəkim. Məsələn, Mikayıl Müşfiqə həsr olunan film-serialı çox çəkmək istəyirəm.

-İnşallah, alınsa yaxşı olar. Fikrinizdə Müşfiq və Dilbəri canlandıracaq aktyorları müəyyənləşdirmisiniz?

- Yox, hələ aktyor seçimi barəsində düşünə bilmirəm. Amma Müşfiqin obrazını ifa edə biləcək iki nəfər fikrimdə var. Dilbərlə bağlı heç kimi hələ görmürəm. Bu barədə danışmaq çox tezdir. Müşfiqi tapmazdan əvvəl birinci pulu tapmaq lazımdır. Pulsuz heç nə başa gəlmir. Rəhmətlik, Cabir Novruz, Əmirhüseyn Məcidov, polkovnik Əbülhəsən müəllim dünyada olsaydılar, Müşfiqlə bağlı filmi rahatlıqla ekranlaşdıra bilərdim. Onlar mənə kömək edərdilər. Təəssüf ki, onlar həyatda yoxdur. Yeganə ümid yerim qalıb. İstəyirəm, Kəmaləddin müəllimə müraciət edim.

İzzət Əzizovun səssiz, ünvansız HARAYI...

- Şağandan tanınmış adamlar çıxıb...

- Elədir. Hamlet Xanızadə, Bəxtiyar Xanızadə, Bəhruz Zeynalov, Hacıbəy Sultanov, Hacı Aqil Məlikov Şağan kəndinin nümayəndələrdir.

- İzzət müəllim, bayaqdan fikir verirəm çayı balaca kasada (maskurada) içirsiniz...

- Məni hamı möhkəm çay içən kimi tanıyır. 1972-ci ildən çayı balaca kasada içirəm. Ona görə də hara gedirəmsə, bütün evlərdə mənə aid xüsusi balaca kasam var. Çəkilişlərə gedəndə isə çay içdiyim kasanı özümlə aparıram.

- Nəslinizdə sizdən başqa yaradıcılıq sahəsində çalışan adam olmayıb?

- Yox. Bu sahədə çalışan ilk mən oldum. Amma qızım, Könül incəsənət yolunu davam etdirdi. Rəssam oldu. Təəssüf ki, hazırda sənəti ilə bağlı çalışmır. Söhbətimizin sonunda sizə ürəyimdən keçən bir-iki məsələni də demək istəyirəm. Söhbət ki, ailədən düşdü... mənim üçün xoşbəxtlik anlayışı nəvəm Züleyxadır. Züleyxanın bircə dəqiqəlik başını çiynimə qoymasıdır. Əslində isə heç vaxt xoşbəxtlik barəsində düşünməmişəm. Bizim söhbətimizin adı QAF və (Qeyri-adi format) ya gecikmiş, səssiz, ünvansız HARAYdır.

Söhbətləşdi: Ülviyyə Həsənqızı