Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, yaratdığı yaddaqalan və unudulmayan obrazları ilə xatirələrdə yaşayan, böyük sənətkar Məlik Dadaşovun doğum günüdür.

Open.az xəbər verir ki, görkəmli sənətkarın 95 yaşı tamam olur.

"Bu gün atamın yubileyidir. 95 yaşlı Məlik Dadaşov. İndi bu rəqəmləri söyləmək mənə necə də qəribə gəlir. 23 ildir atam həyatda yoxdur. Amma bu yoxluq onun cismani həyatına dəlalət edir. Obrazlarının dili, surəti ilə böyük Məlik Dadaşov bu gün də yaşayır, bu gün də sevilir və xatırlanır".

Bu fikirləri Open.az-a açıqlamasında sənətkarın qızı Gülnarə Dadaşova deyib.

Gülnarə Dadaşova iyunun 21-də Dövlət Film Fondunda Məlik Dadaşovun 95 illik yubileyi şərəfinə tədbirin keçiriləcəyini də bildirib.

Qeyd edək ki, qüdrətli sənətkar, Xalq artisti Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda dünyaya gəlib.

Uzun illər Akademik Dram Teatrının səhnəsində biri-birindən maraqlı, yaddaqalan obrazlar ifa edib.

Məlik Dadaşovun Şeyx Nəsrullahı bu günədək Azərbaycan teatr və kino tamaşaçılarının yaddaşında silinməz iz qoyub. Həm teatr, həm də kinoda yaratdığı unudulmayan obrazlardan biri də Nəriman Nərimanov surətidir.

Məlik Dadaşov hansı obrazı ifa edibsə, ona ürəyini, ruhunu verib. Ölməz sənətkarın Qəmlo obrazının dili ilə dediyi ifadələr, fikirlər bu gün aforizmə çevrilib.

Məlik Dadaşovu mənfi obrazların klassik ifaçısı hesab edirlər. Amma əsl sənətkarın yaratdığı obrazın mənfisi və müsbəti tamaşaçıların yaddaşında silinməz iz qoyur və əbədi yaşayır.

Məhz belə keyfiyyətlərinə görə Məlik Dadaşov əbədidir, unudulmazdır, yaddaqalandır. İllər,nəsillər ötəcək, sənət aləmində çox sənətkarlar, ustadlar yadda qalacaq, unudulmayacaq. Unudulmazlar sırasında böyük Məlik Dadaşovun adı qızıl hərflərlə yazılacaq və hər an ruhuna rəhmət oxunacaq.

95 yaşlı ölməz sənətkar- ruhun şad olsun!

Ülviyyə Həsənqızı