Mayın 15-i Azərbaycanın görkəmli kino xadimi, xalq artisti, rejissor, aktyor Şeyx Əbdül Mahmudbəyovun 75 illik yubileyidir.

Open.az xəbər verir ki, ömrünün 75-ci zirvəsini aşan sənətkar doğum gününü ailəsi və dostları ilə qeyd edəcək.

Yarızarafat, yarıciddi "75 il əvvəl məni dünyaya gətirib, bəlaya salıblar" deyən Əbdül Mahmudbəyov yubileyi şərəfinə "Azərbaycanfilm" kinostudiyasında kiçik həcmli tədbirin olacağını əlavə edib: "Hazırda ömrümün 60 ilini qurban verdiyim, sevimli məkanım - kinostudiyaya tələsirəm. Sağ olsun, Müşfiq Hətəmov doğum günüm münasibətilə kinostudiyada dost məclisi təşkil edib. Yığışıb, mənim doğum günümü, yubileyimi qeyd edəcəyik. Axşam isə sevimli ailəmlə ad günümü qeyd edəcək. Ötən gün Mədəniyyət Naziri Əbülfəs Qarayev mənə zəng edərək, şəxsən təbrik elədi. İnşallah, 75 illik yubileyim şərəfinə böyük tədbir də keçiriləcək. Hələlik keçirilməsini özüm istəmədim. Çünki Ramazan ayıdır. İnşallah, orucluq bitsin, 75 illik yubileyim münasibətilə təmtəraqlı tədbir keçirəcəyik. Bilirsiniz, ömrün bu yaşına gəlib çatmaq hər kəsə qismət olmur. Allah sağlıqlı yaşamağı və qocalmağı nəsib eləsin. Hər birinizə bunu arzu edirəm”.

Qeyd edək ki, Mahmudov Abduləhəd Əlisa oğlu 1944-cü ildə Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslın Şamaxılı olan Əbdül Mahmudbəyov 1962-66-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Ədil İsgəndərovun aktyorluq kursunda təhsil alıb.

1971-73-cü illərdə isə Moskvada Ali rejissorluq və ssenaristlər kursunda Andrey Tarkovski, Vasili Şukşin Georgi Daneliya kimi məşhur kino xadimlərindən dərs alıb.

“Atları yəhərləyin”, “Gecə qatarında qətl”, “Doğma sahillər” və s. filmləri ekranlaşdırıb.

Ülviyyə Həsənqızı