Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın əməkdar artisti Ramiz Vəliyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Respublikanın əməkdar artisti Nəsibə Eldarova və Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı, Respublikanın əməkdar rəssamı Rafael Haşımovun mədəniyyət sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə, habelə 60 illik yubileyləri münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə mükfatlandırılıb.

Open.az xəbər verir ki, Gəncə Dövlət Dram Teatrının aktyoru Azərbaycan Respublikasının əməkdar artisti Vəliyev Ramiz Hidayət oğlu 5 fevral 1959-cu ildə anadan olub. R.Vəliyev 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirıb.

1985-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.

R.Vəliyevin bu illər ərzində yaratdığı Apollon (“Sokratla söhbət”, E.Radzinski), Prokuror, Cəbi (“Cavan qadına yaraşan kişi”, “Təhminə və Zaur”, Anar), Əşrəf (“Dəli Kür”, İ.Şıxlı), Kamal (“Əliqulu evlənir”, S.Rəhman), Əziz bəy (“Mürafiə vəkilləri”, M.F.Axundzadə), Mahmud bəy (“Müsibəti-Fəxrəddin”, N.Vəzirov), Cahangir, Nicat (“Atayevlər ailəsi”, “Mahnı dağlarda qaldı”, İ.Əfəndiyev), Oqtay (“Oqtay Eloğlu”, C.Cabbarlı), Məkkə Məhəmməd (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Çiçiko Qoqol (“Ağ bayraqlar”, N.Dumbadze) obrazları tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

R.Vəliyev mədəniyyət sahəsindəki xidmətinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş, 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Eldarova Nəsibə Novruz qızı 15 yanvar 1959-cu ildə Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. N.Eldarova 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib, 1982-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında, 1989-2009-cu illərdə Dövlət Gənclər Teatrında çalışıb.

2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirir.

N.Eldarovanın bu illər ərzində yaratdığı Gertruda, Ledi Makbet, Qermiya, İzabella, Dayə, Marqarita (“Hamlet”, “Makbet”, “Yay gecəsində yuxu”, “Tədbirə qarşı tədbir”, “Romeo və Cülyetta”, “III Riçard”, U.Şekspir), İblis (“İblis”, H.Cavid), Karmen (“Karmen”, P.Merime), Leyli (“Leyli və Məcnun”, M.Füzuli), Klementina (“Herostratı unudun”, Q.Qorin), Minnət (“Ər və arvad”, Ü.Hacıbəyli), Qız, Taclı xanım (“Şah İsmayıl”, K.Abdulla), Xoşbəxt, Ceyran, İşıq, Ərəbzəngi, Həvva, Emma (“Ünvansız qatar”, “Onun iki qabırğası”, “20 il sonra”, “Yeddi məhbusə”, “Varlı qadın”, “Kişi və qadın”, Ə.Əmirli), Qız, Aktrisa (“İnək”, “Olum, ya ölüm”, N.Hikmət), Xanım Prisselius (“Uzuncorab Pippi”, A.Lindqren), Svetik (“Miras”, H.Mirələmov) obrazları tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. Aktrisa həmçinin “Arşınmalçı”, “Bəyin oğurlanması”, “Yuxu”, “Bomba”, “Kişiləri qoruyun”, “Döngələr”, “Bir ovuc torpaq”, “Oğurlanmış arzular”, “İkinci güllə” filmlərində də yaddaqalan rollar ifa edib.

N.Eldarova mədəniyyət sahəsindəki xidmətinə görə 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 2018-ci ildə Prezident mükafatına layiq görülüb.

Mingəçevir Dövlət Dram Teatrının baş rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı Haşımov Rafael Zeynal oğlu 1959-cu il yanvar ayının 28-də Mingəçevir şəhərində anadan olub. O, 1983-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1984-1989-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində ali təhsil alıb.

Yaradıcılıq fəaliyyətinə 1990-cı ildə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi başlamışdır. 2000-ci ildən etibarən baş rəssam vəzifəsində çalışır.

R.Haşımov çalışdığı müddət ərzində 100-dən artıq tamaşaya quruluş vermişdir. Bunlardan H.Cavidin “Afət”, M.Hüseynin “Cavanşir”, “Şeyx Şamil”, İ.Mərcanlının “Xocalı notları”, T.Vəliyevanın “Mənim ağ göyərçinim”, C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, A.Mədətovun “Aylı gecə”, R.Rəhimlinin “Gizli məhəbbət” kimi tamaşalara uğurlu bədii tərtibat vermişdir.

Onun quruluş verdiyi H.Cavidin “Ana” tamaşası 2003-cü ildə “Qızıl dərviş” mükafatına layiq görülüb.

Rafael Haşımov mədəniyyət sahəsindəki xidmətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüş, 2018-ci ildə “Tərəqqi medalı” ilə təltif olunub.

Ülviyyə Həsənqızı