Dahi Azərbaycan dramaturqu, yazıçı-şair, ictimai xadim və ədib Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə Xızıda tədbir təşkil edilib.

Open.az xəbər verir ki, tədbir Cəfər Cabbarlı adına Mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin layihəsi əsasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.

Yubiley tədbirinin təşkil edilməsində Cəfər Cabbarlının Bakıda və Xızıda fəaliyyət göstərən ev muzeyinin əməkdaşları,Sumqayıt Regional Mədəniyyət şöbəsinin Xızı üzrə nümayəndəliyi, AMEA-nın Nizami adına İnstitutunun vəMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nümayəndələri, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasınının üzvləri iştirak ediblər.

Həmçinin, tədbirdə Cəfər Cabbarlının ailə üzvləri, qohumları, Xızı ictimaiyyətinin və bir neçə QHT-lərin nümayəndələri yaxından iştirak edib.

Tədbirdən əvvəl Cəfər Cabbarlının Xızıda ucaldılan abidəsi ziyarət edilib.

Cəfər Cabbarlının doğma ata-baba yurdunda keçirilən tədbiri giriş sözü ilə Cabbarlının nəvəsi və C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı açaraq, görüşün məhz Cabbarlı ocağında keçirilməsinin təsadüfi olmadığını dedi: “ Cabbarlılar həmişə qonaqpərvər olub. Bu ocağın qapıları hər zaman bütün qonaqların üzünə açıqdır. Məhz bu səbəbdən bugünkü tədbiri Cəfər Cabbarlının anadan olduğu evdə, ilk addımlarını atdığı həyətində keçirməyi qərara aldıq”.

Qəmər Seyfəddinqızının açılış nitqindən sonra söz, 13 il Cəfər Cabbarlının ev-muzeyində çalışan alim, Firudun Qurbansoya verildi.

Firudin Qurbansoy Cəfər Cabbarlının ruhunun hər zaman başı üzərində hiss etdiyini dilə gətirdi: “ Cəmi 35 il yaşayıb, əbədi abidəyə dönən dahi Cəfər Cabbarlı haqqında bir zamanlar deyirdilər ki, guya o, yaşından böyük olub. Çünki o yaşda elə şeirlərini yazmaq mümkünsüz görünürdü. Təsəvvür edin ki, Cəfər 16 yaşında olanda məşhur “Ana” şeirini yazıb. İndi heç 50 yaşında kişi elə şeir yaza bilməz. Mən, işimlə, yazılarımla əlaqədar olaraq arxivlərdə çox çalışmışam. Bütün sənədlərdə Cəfər Cabbarlının 1899-cu ildə anadan olduğunu öz gözlərimlə görmüşəm. Cəfər Cabbarlı 5-6 yaşından şeir yazmağa başlayıb. Qafar kişinin vəfatından sonra Xızıdan Bakıya köçən Cabbarlı ailəsində pərvazlanan balaca Cəfərin müəllimi Mikayıl Müşfiqin atası olub. Elə ilk 4 bəndlik şeirini də Müşfiqin atasına həsr edib. Cəfər Cabbarlı hər zaman həqiqəti yazıb. Ona görə də əbədidir. Çünki, Allahın yolunu tutub gedən adamdır. Həqiqəti yazan, Allahın yolundan çıxmayan adamdır. Allahın yolunu tutub gedən insan isə sonsuzdur, əbədidir”.

Tədbirdə dəvət olunmuş qonaqların çıxışları, musiqi nömrələri və şeilərin səsləndirilməsi ilə davam edən tədbirdə, bədii qiraətçi Zülfiyyə Eldarqızı Cəfər Cabbarlının məhbəs şeirlərindən bir parça ifa etdi.

Xalq artisti, ustad kamança ifaçısı Şəfiqə Eyvazova, gənc müğənni Mehri Əsədullayeva, Əməkdar artist Rəşad İlyasov və dəvət olunmuş digər qonaqların çıxışları maraqla qarşılandı.

Balaca Cəfərsevərlər Cəfər Cabbarlının şeirlərindən ibarət poeziya buketini ifa etdilər.

Tədbir alimlərin maraqlı çıxışları və musiqi nömrələri ilə başa çatdı.

Ülviyyə Həsənqızı