Rusiyanın 31-ci “Kinotavr” festivalının keçirilməsi qərara alınıb.

Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, 11-18 sentyabr 2020-ci il tarixlərində baş tutacaq festival Soçidə online formada deyil, ənənəvi olaraq həyata keçiriləcək.

Sadəcə olaraq məlum səbəblərə görə, bu ilki festivalın formatı bir qədər dəyişəcək. Belə ki, “Kinotavr” bu il daha az sayda qonaq qəbul edə biləcək, əyləncə proqramı ixtisar olunacaq və ən önəmlisi isə bütün tədbirlər sanitar normalara və epidemioloji göstərişlərə maksimum əməl olunmaqla keçiriləcək.

Hazırda 31-ci “Kinotavr” proqramı üzərində hazırlıq işləri gedir və festivalın necə keçiriləcəyi barədə yaxın vaxtlarda geniş məlumat veriləcək. Yeni şərtlər və akkreditasiya qaydaları festivalın rəsmi saytında (www.kinotavr.ru) dərc olunacaq.

Xatırladaq ki, kino müsabiqəsi 1990-cı ildən etibarən Soçidə keçirilir. Yarandığı ilk illərdə müsabiqədə ancaq Rusiya filmləri iştirak edə bilsə də, 2011-ci ildən etibarən xarici ölkələrin rus dilində çəkilmiş filmlərinin müsabiqədə iştirakı reqlamentə əlavə olundu.

 31-ci “Kinotavr” festivalı sentyabrda online formada deyil, ənənəvi olaraq  keçiriləcək