Yanvarın 15-də, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “20 Yanvar – Azadlığa gedən yolun zirvəsi adlı tədbir keçirilib.

Open.az xəbər verir ki, tədbirdə Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin VII sinif şagirdləri, müəllim və valideyn kollektivi iştirak edib.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir, Azərbaycan Respublikasının Dövlət Himni il açııb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar oxunub, şeirlər söylənilib. Biri-birini əvəz edən kompozisiyalar vətənpərvərlik hissləri aşılayıb. Kompozisiyada şagirdlər qeyd ediblər ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin təzahürü idi. Biz hər zaman müstəqillik yolunda həlak olan şəhidlərimizin adını uca tutmalıyıq. Tədbirdə çıxış edən kitabxananın Elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova 20 Yanvar hadisəsini Azərbaycan xalqının azadlıq mücadiləsində mühüm mərhələ adlandırıb.

Qeyd edib ki, Sovet imperiyası həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilməyib. Əksinə, Vətəninin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər mübarizə əzmi nümayiş etdirərək, öz istiqlaliyyətinə qovuşub. Xalqımız 20 yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur.

Z.Dadaşova şəhidlərin xatirəsinə həsr olunmuş bu tədbirin yüksək səviyyədə təşkil olunduğundan, şagirdlərin vətənpərvərlik ruhlu mahnıları məharətlə ifa etdiklərindən də məmnunluq duyduğunu bildirib. O, bu gün məktəbdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində aparılan işlərə görə tədbir təşkilatçılarına və müəllimlərə öz minnətdarlığını bildirib.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi şəhidlər” adlı kitab sərgisi ilə tanış olub, şəhidlərin şəkilləri önünə qərənfillər düzüblər.