Abşeron rayonunun Xırdalan şəhərində tikilən yarımstansiyaya görə, şəhərin bəzi əraziləri işıqsız qalıb.

Open.az xəbər verir ki, Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsində xüsusən də Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında faktı təsdiqləyib.

Onun sözlərinə görə, bu Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır: “Hazırda yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir. Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək. Bu planlaşdırılmış işlərlə bağlı istehlakçıları öncədən xəbərdar etmişdik”.