Bu il üzrə ölkədə qazlaşma işlərinə dair dövlət proqramının icrası çərçivəsində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində qaz çəkilişlərinə start verilib.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Qobu qəsəbəsində yeni yaşayış massivində 1 441 fərdi yaşayış evi qazlaşdırılacaq. Layihə üzrə ümumi uzunluğu 90 kilometrə yaxın küçə xətlərinin çəkilişi planlaşdırılır. Evdaxili xətlərin uzunluğu isə təqribən 32 kilometrə yaxın olacaq.

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən yeni yaşayış massivində isə 220 fərdi yaşayış evinin qazlaşdırılması planlaşdırılır. Burada çəkiləcək müxtəlif diametrli daşıyıcı, küçə və evdaxili xətlərin ümumi uzunluğu 27 kilometrə yaxındır. Hazırda qazlaşma işlərinin vaxtında tamamlanması üçün hər iki qəsəbədə işçi qüvvəsi var gücü ilə çalışmaqdadır.