Koronavirus pandemiyası dövründə Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən bu günədək 23 400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib ki, onların da 2 478-nikah, 12 566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır. Uşaqların 6 793-ü oğlan, 5 773-qız, 140 əkiz, 6 üçəm olub.

Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Open.az-a verilən məlumatda bildirilir.

Qeyd edilir ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən başlanaraq, hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.

Ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilərək ailə dəyərlərinin qorunub saxlanılması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Nazirlik tərəfindən aparılan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi ailə institutunun möhkəmləndirilməsində, demoqrafik inkişafın təmin olunmasında və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.

Ölkəmizdə koronavirus infeksiyası ilə əlaqədar nazirliyin qeydiyyat şöbələri xüsusi karantin rejiminə uyğun fəaliyyətini davam etdirib. Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmək, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmaq tövsiyə olunub.