Uşaqlar günü metropolitendə ilk dəfə festival ovqatlı tədbirlərlə qeyd edilib. Kiçik sərnişinləri rəngarəng bayram sürprizləri qarşılayıb.

Open.az xəbər verir ki, hər il olduğu kimi bu dəfə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində geniş şəkildə, maraqlı layihələrin fonunda keçirilib. Builki bayramda "Bakı Metropoliteni" QSC uşaqlara həsr olunmuş bir-birindən fərqli üç layihəsi ilə çıxış edib. Fərqli olduğu qədər də bir-birini tamamlayan bu layihələrin eyni məkanda və vaxtda keçirilməsi silsilə tədbirlərə festival ovqatı qatıb.

"İçərişəhər" stansiyasında Azərbaycanın məşhur uşaq mahnılarının sədaları altında keçən tədbirin maraqlı layihələrindən biri də ən oxunaqlı uşaq kitabının kiçik sərnişinlərimizə paylanılması olub. “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin “Bakı uşaqlar üçün” adlı kitabını şəxsən kiçik yaşlı oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib. Şən, hazırcavab “Bakılı oğlan” məzəli zarafatları, söhbətləri ilə metronun nəinki balaca sərnişinlərinə, böyüklərə də xoş anlar yaşadıb. Bəhram Bağırzadə uşaqların bayramını ürəkdən təbrik edərək, onlara xoş günlər arzulayıb.
Müxtəlif uşaq tamaşalarının personajları, uzunayaqlıların, birtəkərli velosiped sürənlərin jonqlyor oyunlarından ibarət cəlbedici şou-proqram, xüsusən uşaqların sevimlisi olan, xüsusi dəvət edilmiş Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin nümunəvi çıxışları heyranlıqla qarşılanıb. Eyni zamanda şən təlxəklərin zarafat və oyunları da balacalarımızı əyləndirib. Onlar bəzəkli şarlardan düzəltdikləri fiqurları da balaca sərnişinlərə paylayıblar.

Al-əlvan şoular və rənglər festivalına çevrilmiş tədbirlər metro qatarlarında da özünəməxsus tərzdə davamını tapıb. Keçən il olduğu kimi, bu dəfə də stansiyaların adlarını uşaqlar elan ediblər.