Abşeron rayonunun Masazır qəsəbəsində zədələnən qaz xətti bərpa edilib.

Open.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, zədələnən qaz kəməri ərazidə tikinti işləri apararkən xətti zədələyən Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilib: "Artıq bərpa işləri başa çatdırılıb, xətt sınaqdan keçirilib və abonentlərə qazın verilişi təmin edilib".

Xatırladaq ki, yanvarın 7-də Masazır qəsəbəsi ərazisində, “Əlincə” hotelinin yanında qazıntı işləri aparılan zaman "Qurtuluş" MMC-nin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib. Nəticədə 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işləri başa çatandan sonra təkrar qaz sızması aşkarlanıb.

Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub.

Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.

Hadisə nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Baş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin qaz təminatında fasilələr yaranıb.