Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikada əlilliyi olan vətəndaşlara reabilitasiya xidməti göstərən Bərpa Mərkəzlərinin yenidənqurma və bərpa işləri həyata keçirilir, eyni zamanda, yeni reabilitasiya mərkəzləri yaradılır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin nəzdində Sumqayıt, Yevlax və Naftalan Əlillərin Regional Bərpa Mərkəzlərində, eləcə də, Mərdəkan qəsəbəsində yerləşən Müalicə Pansionatında əsaslı təmir və tikinti işləri davam etdirilir.

Open.az-ın əməkdaşı paytaxtda yerləşən Respublika Əlillərin Bərpa Mərkəzindəki vəziyyətlə tanış olub.

Əlillərin Bərpa Mərkəzindən reportaj

ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, Əmək Əlilliyi olan vətəndaşlara reabilitasiya xidmətlərinin daha səmərəli təşkili üçün qeyd olunan mərkəzlər yenidənqurma tədbirlərindən sonra ən son avadanlıq və müasir infrastrukturla təmin olunacaq: “Əlilliyi olan şəxslər bu mərkəzlərdə bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar. Qeyd edim ki, bu il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nəzdində Şəki, Şirvan Lənkəran və Xaçmaz şəhərlərindəki Bərpa Mərkəzlərində, eləcə də Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub. Xatırladaq ki, ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nəzdində olan 14 Bərpa Mərkəzində ümumilikdə, 11900 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib, 278 əlilliyi olan şəxs peşə-əmək reabilitasiyasına cəlb olunub, onlara 35300 reabilitasiya vasitəsi verilib, eyni zamanda 7557 əlilliyi olan şəxsə sanator-kurort yollayışları təqdim olunub. Xidmətin balansında olan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 9300 əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin edilib.

Əlillərin Bərpa Mərkəzindən reportaj

Gülnar Əzizova bildirib ki, Respublika Əlillərin Bərpa Mərkəzində cari ilin birinci rübündə 398 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib ki, onlardan 257-si stasionar, 141-i isə ambulator müalicə alıb.

Funksional-diaqnostika şöbəsinin müdiri Elmira xanım mərkəzdə müalicə üçün bəzi sənədlərin lazım olduğunu bildirib.

Belə ki, əlillik vərəqəsinin sürəti, şəxsiyyət vəsiqəsinin sürəti, axırıncı ekiprizin sürəti və qeydiyyatda olduğu ərazi üzrə TSEK-dən (VTEK) göndəriş lazımdır: “Burada bütün prosedurlar ödənişsizdir. Xəstələr növbəli şəkildə qəbul edilir və fizioterapiya, massaj, parafinlə müalicə, müxtəlif vannalar, duşlar, robot, dartmadan (traksion çarpayı) istifadə edərək müalicə alırlar. Stasionar xəstələr üçün isə dərman müalicəsi aparılır. Müalicə kursu şənbə-bazar və bayram günlərini çıxmaq şərti ilə 10 gündür”.

Elmira xanımın sözlərinə görə, xəstələr burada öz evlərindəki kimi hər cür şəraitlə təmin edilib: “Xəstələrimiz çox razıdırlar. Həm həkimlərdən, həm də müalicədən. Onların bəziləri ildə iki dəfə müalicə kursu keçir”.

Şəhid Abdullayev Aydın Əmirsoltan oğlunun anası Abdullayeva Sevil də bərpa mərkəzində müalicə alanlardandır.

Əlillərin Bərpa Mərkəzindən reportaj

Parkinson, şəkərli diabet xəstəsi olan Sevil xanımla söhbətləşirik. O psixoloq konsultasiyasından gəldiyini deyir: “İndi psixoloqun yanından gəlirəm. Burada idman edirəm, masajlar və dərman müalicəsi alıram. Xəstəliyimin müalicəsi olmasa da, bu müalicələr müyyən müddət mənə kömək olur. Həkimlər və digər işçilər sağ olsunlar ki, qulluğumuzda dururlar”.

Sevil xanıma şəfa diləyib, Elmira xanımla söhbətimizi davam etdiririk. Elmira xanım deyir ki, Sevil xanım övladının şəhid xəbərini alandan sonra parkinson xəstəliyinə tutulub: “Valideyn üçün övlad itkisi çox ağırdır”.

Bəzi xəstələr idman zalında olduğuna görə oradakı xəstələrlə də danışırıq. II qrup hərbi xidmət dövrü əlili olan Cəfərli Bəydadaş aprelin 1-dən mərkəzdə müalicə alır.

O bildirir ki, şəkər-diabet, təzyiq, prostat və əsəb xəstəliklərindən əziyyət çəkir: “Hazırda müalicənin bir istiqaməti olan bədən tərbiyyəsi ilə məşğuluq. Eyni zamanda masaj, duş, parafinlə müalicə alırıq”.

Elmira xanım bizi masaj və parafin otağı ilə tanış edir. Deyir ki, müalicə planı individual olduğu üçün xəstəliyə uyğun təyin edilir.

Əlillərin Bərpa Mərkəzindən - REPORTAJ

Söhbətimiz əsnasında parafin proseduru üçün növbədə olan I qrup Qarabağ qazisi Sadıqov Tahirlə söhbətləşirik. O deyir ki, bu günə kimi çox sanatoriyalarda olub: “Onlardakı şərait Bərpa mərkəzindəki kimi deyil. Beynimdə və gözümdə olan güllə yarasına görə, 15 ildən çoxdur ki, bura ardıcıl gəlib, müalicə alıram. Səhhətimdəki problemlərə mənə ancaq fizioterapiya mülicəsi kömək edir. O da yüksək səviyyədə gedir. Bütün həkimlər və digər işçilərə təşəkkür edirəm”.

Burada əlilliyi olan uşaqların müalicəsinin mümkünlüyü ilə maraqlanırıq.

Gülnar Əzizova deyir ki, Nazirlik tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulur: “Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Bakı şəhəri Xəzər rayonu, Quba, Masallı, Ağcabədi, Xaçmaz və Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır”.

Parafin otağında olan I qrup əlil Səmədzadə Pərvizdən səhhətindəki problem və müalicəsi barədə soruşuruq.

Əlillərin Bərpa Mərkəzindən - REPORTAJ

Bildirir ki, 2014-cü il avqust ayında hərbi xidmət vəzifəsini yerinə yetirərkən yaralanıb: “10 günlük müalicə alacam. Hazırda parafin prosesindəyəm. Özümü yaxşı hiss edirəm”.

2019-cu ilin birinci rübündə bərpa mərkəzlərində 2279 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

Mətbuat katibi bildirib ki, onlardan 1829-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər: “Qeyd olunan insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks bərpa-müalicə işləri aparılıb. Yanvar-mart aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 2788 əlilliyi olan şəxsə 7583 reabilitasiya vasitəsi verilib, o cümlədən 356 nəfərə əlil arabaları təqdim edilib”.

Şəfiqə Nazimqızı

Foto: Sultana Əhmədbəyli