Şəki şəhəri Baş Göynük kənd sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına cəlb olunub.

Open.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, çoxsaylı müraciətləri nəzərə alaraq Şəki şəhəri Baş Göynük kənd sakini Rəhimov Bayram İsmayıl oğlunun özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı tədbir görülüb: “Müraciətə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən Bayram Rəhimovla əlaqə saxlanılaraq yerli Məşğulluq Mərkəzinə dəvət edilib. İlkin olaraq B.Rəhimov işaxtaran kimi qeydiyyata alınıb. Daha sonra özünüməşğulluq proqramı ilə bağlı ətraflı izahat verilib.

Vətəndaşın müraciəti və özünüməşğulluq fəaliyyəti qurmaq üçün potensialı nəzərə alınmaqla, o, proqrama cəlb olunub. Bayram Rəhimov proqram çərçivəsində təşkil olunacaq təlimləri uğurla bitirdikdən sonra öz kiçik ailə təsərrüfatını yaratmaq imkanına sahib olacaq”.

Məlumat üçün qeyd edək ki, indiyədək vətəndaş özünüməşğulluq proqramına cəlb olunmaq üçün yerli orqana müraciət etməyib.

Qeyd edək ki, bəzi saytlarda Şəki şəhəri Baş Göynük kənd sakini Rəhimov Bayram İsmayıl oğlunun özünüməşğulluq proqramına cəlb olunması xahişi ilə bağlı müraciəti yayımlanıb.