BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə keçirdiyi “Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqatın təqdimat mərasimi keçirilib.

Tədqiqatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EİGE) Birləşmiş Krallıq (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb.

Open.az xəbər verir ki, tədqiqatın müəllifi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko tədqiqatın metodologiyasının qadınlara qarşı zorakılığın səbəb olduğu xərclərin simulyasiya modeli vasitəsilə hesablanmasına şərait yaratdığını bildirib. Onun sözlərinə görə, tədqiqat 2017-ci ildə qadınlara qarşı zorakılıqla əlaqəli cinayətlər və dövlət qurumları tərəfindən zərərçəkənlərə göstərilmiş sosial xidmətlər barədə inzibati məlumatlara əsaslanır:

“Simulyasiyanın nəticələrinə əsasən, 2017-ci ildə zorakılığa məruz qalma ehtimalı olan qadınların sayı 211800 nəfər təşkil edə bilərdi. Qadınlara qarşı zorakılığın latentlik səviyyəsini nəzərə almaqla, 2017-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılığın məcmu iqtisadi xərcləri 764 milyon ABŞ dollarına (ölkənin ÜDM-nin 1.8%-i) çata bilər. Bu təqribi xərclər rəsmi şəkildə qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələrinin iqtisadi ekvivalentindən (2.8 milyon USD) 200 dəfə daha çoxdur, çünki bu xərclər rəsmi statistikadan kənarda qalan zorakılıq hallarını da təqribi əks etdirir".

Q.Qerasimenko bildirib ki, nəticələrə əsasən, 2017-ci ildə qadınlara qarşı zorakılığa cavab olaraq göstərilən xidmətlərin ümumi dəyəri 11.8 milyon ABŞ dollarına qədər ola bilərdi: ''Tədqiqat çərçivəsində edilmiş hesablama nəticələrinə əsasən, qadınlara qarşı zorakılıqdan zərərçəkənlərə göstərilmiş tibbi xidmətlərin dəyəri 9.8 milyon ABŞ dollarına çata bilərdi (hadisədən sonrakı profilaktik xidmətlərin və dərman vasitələrinin cari qiymətləri əsasında, qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələri üçün bu göstərici 123 min ABŞ dolları olaraq hesablanıb). Hüquq-mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılığa qarşı adekvat cavab tədbirlərinin görülməsinə, o cümlədən cinayətlərin araşdırılması, mühafizə orderlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsait sərf olunduğu ehtimal edilib".

Qeyd edək ki, hesabatda zərərçəkənlərin aldıqları xəsarətlər və yardım üçün müraciət etmə təcrübələrini anlamaq məqsədilə, qadın əhali arasında zorakılığın yayılma səviyyələrini müəyyən etmək üçün 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılmış milli sorğunun əsas nəticələrindən də istifadə olunub.

Əlavə məlumatlar toplamaq üçün yerli səhiyyə işçiləri və sosial işçilər, polis əməkdaşları və hakimlər, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və QHT-lərin nümayəndələri ilə fokus qrup müzakirələri aparılıb. Yerli ekspertlər və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən dövlət qurumlarının nümayəndələri ilə geniş müsahibələr vasitəsilə tədqiqatın strukturu və yanaşmaları müəyyən edilib.

Bundan əlavə, zorakılığa məruz qalmış qadınların şəxsən sərf etdiyi xərclər və zorakılığın nəticələrini aradan qaldırmaq üçün gördükləri tədbirlər barədə məlumatlar toplamaq üçün zorakılığa məruz qalmış və yardım üçün müraciət etmiş 197 qadın arasında ünvanlı sorğu keçirilib.