Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Quba rayonunda sakinlərlə görüşüb.

“Azəriqaz”dan Open.az-a verilən məlumata görə, Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Qusar, Ruslan Əliyev isə Şabran rayonlarında vətəndaşları qəbul ediblər.

Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.