Azərbaycanlılar niyə gecikir? – Araşdırma

Azərbaycanlılar arasında gecikmək adət halını alıb.

Open.az-ın Bakıda keçirdiyi sorğu maraqlı nəticəni ortaya qoyub. Sorğuya qoşulan 20-83 yaş həddində olan 15 nəfər Bakı sakinindən 8-i gecikdiyini, 7-si gecikmədiyini bildirib. Gənclər gecikməyin səbəbi kimi nəqliyyat və məsuliyyətsizlik kimi problemini səsləndiriblər. Gecikmədiyini deyənlər isə yaşlı nəsil nümayəndələri olub. Onların çoxu gecikməni başqasına qarşı hörmətsizlik kimi dəyərləndirib.

Open.az insanların gecikmə səbəbini araşdırıb.

Zamanın idarə edilməsi üzrə təlimçi Taryel Faziloğlu Azərbaycanda gecikmə faktorunun təməlində aşağılıq kompleksinin durduğunu bildirib: “Azərbaycan xalqına uzun müddət aşılanmış aşağılıq kompleksi onlarda məsuliyyətsizlik hissi formalaşdırıb. Bizdə ailə tərbiyəsində münasibət qorxu üzərində qurulur. Qorxu hissi bir müddət sonra insanda biganəliyə çevrilir. Onsuz da neqativ reaksiya ilə qarşılaşacağını gözləyən insanlar biganəlik sərgiləyir. Buna görə zamanın idarə edilməsi ilə bağlı təlim də insanda daxili məsuliyyət yaratmır. Bu kökündən dəyişdirilməli olan sosial-psixoloji problem kimi kompleks şəkildə aparılmalı işdir. Ailənin uşaq tərbiyəsində maariflənməsi lazımdır. 3-6 yaş qrupunda uşağa daxili intizam hissi aşılanmalı və uşaqlıqdan hədəf planlama, ona fokslanma öyrədilməlidir. Bu sadəcə zaman idarə edilməsi təlimiylə düzəlməz. Azərbaycanda zamanın idarə edilməsi təlimini keçənlərin çox vaxt özləri belə zamanın idarə edilməsini anlamır. Hətta iş yerində ciddi cəza tətbiq edilsə belə, işə yaramır”.

Azərbaycanlılar niyə gecikir? – Araşdırma

Psixoloq Nuriyyə Quliyeva bütün problemlərin kökündə uşaqlıq dövrü durduğunu qeyd edib: “Valideynindən dəqiqlik və məsuliyyət görən uşaqda belə hal daha az olur. Hər kəs eyni olmadığına görə səbəb də fərqli olacaq. Hədsiz məsuliyyətli insanlar tədbirli davranaraq hər ehtimalı nəzərə alır, vaxtından əvvəl davranır və gecikmir. Daha rahat insanlar gecikir. Onlar zamanı dəqiq bölə bilmir. “Gecikmərəm” deyib gecikirlər. Gecikənlərin bir qismi də özünə vurğun insanlardır. Belə insanlar üçün qarşısındakının nə düşündüyü, hiss etdiyi önəmli deyil. Özlərinə uyğun, rahat olan zamanı seçirlər. Bununla bir növ üstün olduqlarını bildirməyə çalışırlar. Digər insanlar isə özgüvəni zəif olanlardır. Onlar özlərini hazır hiss etmirlər. Daha çox ilk görüşə, müsahibəyə getdikdə ya təxirə salır, ya da gecikirlər. Bu saydığımız səbəblər xarakterlə bağlıdır.

Digər bir səbəb isə motivasiyanın yoxluğu ola bilər. Iş saatının çox, məvacibin az olması kimi amillərin mənfi təsiri qaçılmaz olur. Nəticədə insan işinə maraqla yanaşa bilmir. Maraq və həyəcan olmayan zaman motivasiya olmur. Bəzən də nəqliyyat problemi kimi bizdən asılı olmayan səbəb də olur.

Əgər gecikmə xarakter olaraq formalaşıbsa, yetkin insanlarda bununla mübarizə aparmaq çətin olur. Amma özü istəsə, zaman bölgüsünü düzgün etməklə, hər bir işinə ayıracağı zamanı əvvəlcədən müəyyənləşdirmək və saatla çalışmaqla bu mümkündür”.

Azərbaycanlılar niyə gecikir? – Araşdırma

Təhsil üzrə ekspert Kamran Əsədov açıqlamasında gecikməyə görə cəza tədbirlərinin mümkünlüyünü deyib: “Belə bir atalar sözü var: vaxt qızıldan da qiymətlidir, dəyərlidir. Lakin biz bunun dəyərini çox gec anlayırıq. İstər şagird, tələbə, istər müəllim, işçi olaraq ən ciddi problemimiz vaxtın idarə edilməsidir. Dünyada vaxtın idarə edilməsi bir elmdir. Bir çox insanın ən böyük problemi olan bu məsələ sanki ən aktual sahəyə çevrilib. Amma biz buna çox qeyr-ciddi baxırıq. Hər dəfə harasa gecikəndə mütləq bir bəhanəmiz olur. Vaxtın idarə edilməsi bir insanın planlı şəkildə gününü keçirməsidir. Düzdür, insan vaxtını tam idarə etmir. Bizdən asılı olmayan səbəbdən planımız alt-üst ola bilər. Buna görə bizdən biixtiyar baş verən səbəb nəzərə alınmalı, bu cür vəziyyətdə bütün vaxtımızın itməməsi üçün ehtiyat planı olmalı, plan qurulmasına xüsusi bir layihə kimi yanaşılmalıdır.

Bəzi insanlar vaxtın çoxluğundan şikayətlənir, hətta onun getməsini gözləyir, nəticədə çox vaxt zamanını boş, fəaliyyətsiz keçirmiş olurlar. Bu cür halların sonunda depressiya kimi psixoloji xəstəliklə üzləşirlər. Depressiya mənən zəifləməyə səbəb olur.

Azərbaycanlılar niyə gecikir? – Araşdırma

Vaxtla bağlı daha çox şagird və tələbə problem yaşayır. Məhz bu səbəb təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi maneə törədir. Bunun aradan qaldırılması üçün uşaqların təlim-tərbiyəsində valideyn məsuliyyəti artırılmalıdır. Şagirdin dərsə gecikməməsi üçün məktəb və ailə birlikdə tələbkarlıq göstərməlidir. Daxili məsuliyyət və özünə hörmət hissini formalaşdırmaq lazımdır. Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın nəzarət altında saxlanılması vacibdir. Əsasən, nəqliyyatda baş verən problemə görə gecikmələrin aradan qaldırılması üçün təhsil alanlar təhsil müəssisələrinin yaxınlığında yaşamalıdırlar”.

Dünyada insanların harasa gecikməsi ciddi araşdırma problemidir. ABŞ-ın San-Fransisko Universitetində 200 nəfər arasında keçirilən tədqiqatbu insanların 17 faizinin harasa sistematik gecikdiyini aşkarlayıb. Bu qrupda olan insanlar narahatlıqla müşahidə olunan psixoloji vəziyyətlə mübarizə apardıqlarını bildiriblər. Bəzi alimlər gecikmənin bir neçə səbəbini göstərirlər. Birinci səbəb kimi insanın qətiyyətsiz olması, qərar qəbul etməyə xeyli vaxt sərf etməsini qeyd edilir. Belə insana geyinib keçinməyə, harasa hazırlanmağa bir neçə saat tələb olunur. Bu tip insan uzun müddət hansı geyimi geyinməyə belə qərar verə bilmir. İkinci səbəb insanın stress vəziyyətinə bağlıdır. Bəzən belə tip şəxs görüşə xeyli qalmış evdə oyan bu yana gəzir. Sonra gecikdiyini anlayıb sürətlə geyinir, harasa qaça-qaça gedir. Yəni, belə insana mütləq stress vəziyyəti lazımdır. Qanda adrenalin çatışmazlığı gecikməyə səbəb olur. Üçüncü səbəb kimi isə psixoloqlar sevgi çatışmazlığı, özünə olan qiymətləndirmənin aşağı səviyyədə olduğunu bildirilər. Bu cür insan çox vaxt bilərəkdən gecikir. Başqasını gözlətməklə özünə diqqəti artıracağını düşünür. Bəzən belə insan digərinə hörmət etmir, onda eqoizm hissi yüksək olur. Daim harasa gecikən insanda özünə nəzarət problemi var.

Aləmdə Nəsib