Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.

AQTA-dan Open.az-a verilən məlumata görə, reyd zamanı 10 sahibkarlıq subyektinə baxış keçirilib.

Məlum olub ki, bu ünvanda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konustruksiyalı qurğular icra hakimiyyətinin əməkdaşları tərəfindən ləğv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.