Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda peyda olub.

Open.az "BBC"yə istinadən xəbər verir ki, Azərbaycanda axtarışa verilən 55 yaşlı qadın İngiltərənin yeni anti-korrupsiya qanununun ilk hədəfinə çevrilib və onun barəsində istintaq başladılıb.

Məlum olub ki, keçmiş bankirin arvadı 10 il ərzində Harrodsda 16 milyon funt-sterlinq xərcləyib. O, həmçinin evinə yaxın ərazidə dükan və qolf meydançası alıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, 55 milyon funt sterlinq varidatı olan bu ailə 10 il əvvəl Böyük Britaniyada investor vizası alıb.

Londonda 22 milyon funt-sterlinqlik (50 milyon manata yaxın) daşınmaz əmlakı olan Hacıyeva əmlakın qanuni gəlirlə əldə edilməsinin mənbəyini sübut edə bilməyib və mülkləri müsadirə edilib.

Qeyd edək ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona qaçıb.

O, 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.

Gülnar Qafarlı