Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü keçirilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, iclasda birgə bəyanatın oxunması zamanı gərginlik yaşanıb. Ermənistanın iclasdakı nümayəndəsi, ölkə parlamentinin sədrinin müavini Eduard Şarmazznov mətbuata qapalı keçirilən görüşündə 1915-ci il hadisələri və Dağlıq Qarabağ regionuna yönəlik bəyanatlar verib.

Sonra mətbuata açıq keçirilən iclasda birgə bəyanatın oxunması zamanı Türkiyə Böyük Millət Məclisinin Sədri Binəli Yıldırım Ermənistan nümayəndəsi Şarmazzovu sərt sözlərlə tənqid edib.

"Ermənistanın sözləri bu görüşün məqsədinə uyğun gəlmir. Ermənistan nümayəndəsi təəssüf ki, burada bəzi iddialar ortaya atıb. Qlobal problemlərə həll axtardığımız, regionda və dünyada sabitliyə əhəmiyyət verdiyimiz bu iclasda həqiqətləri təhrif edən açıqlamalarını qəbul etməyimiz mümkün deyil. Ermənistan Türkiyə ilə əlaqələrini həqiqətən düzəltmək istəyirsə, bu absurd soyqırım iddialarına son qoymalı, tarixi hadisələri tarixçilərin öhdəsinə buraxmalıdır" - deyə Yıldırım bildirib.

Yıldırım Ermənistanın öz-özünü təcrid etdiyini bildirib: "Ermənistan sülh siyasəti yürütdüyü halda qonşuları ilə münasibətlərini normallaşdırmağı, Cənubi Qafqaz regionunun sülh, sabitlik və rifahına töhfə verməyi bacarmış olacaq. Müharibə və zorakılığa son verib, sülh və təhlükəsizlik mühitinin təmin edilməsi vəziyyətində qaçqın, köçkün kimi məsələlərin mühüm bir qismi ortadan qalxacaq".

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov da Ermənistanın daim Türkiyəni günahlandırdığını söyləyib. Əsədov 26 il əvvəl Ermənistanın Xocalıda qətliam törətdiyi xatırladıb: "BMT bu qətliamı tanıyıb. Amma Ermənistan həqiqi olmayan iddialar səsləndirir".

Digər tərəfdən, Ermənistan nümayəndəsi mətbuata açıq birgə bəyanat iclasına qatılmayıb.

Gülnar Qafarlı