Ötən gün Gəncə şəhərində baş verən hadisə və iki polis nəfərinin öldürülməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Open.az xəbər verir ki, məşhurlar da bu hadisədən təəssüfləndiyini bildirərək baş verən olayı təxribat adlandırıblar. Onlar xalqı bir olmağa səsləyib.

Əməkdar artist Aybəniz Haşımova: "Ən pisi bilirsiniz nədir? Qardaş qardaşı öldürə, düşmən də kənardan baxıb gülə. Gəncə ilə bağlı paylaşılan videoları izlədikcə az qalır ürəyim dayana, hətta təzyiqim çox yüksəldi. Nə oldu mənim sevimli Gəncəmə? Gözə gəldin, ay vətənim".

Aparıcı Murad Əzimzadə: "Gəncəmdə baş verənlərə üzülürəm. Ailəm, anam, nənəm, əmim bir çox doğmam orada yaşayır. Narahatam. Dünyasını dəyişən polis əməkdaşlarına görə də pis oluram. Allah rəhmət eləsin, ailələrinə səbr versin. Bu həssas məqamda dini radikallara yox deməli, xalq olaraq dövlətimizi, müstəqil respublikamızı dini despotizmə meyilli fanatiklərdən qorumalıyıq".

Müğənni Nura Suri: "Ay camaat, ayılın! Bu, dövlətimizə qarşı təxribatdır. Liviya, Suriya və s. ölkələrin halına baxın. Bizim düşmənlərimiz başqa xalqdır. Azərbaycanlılar bir olmalıdı. Bir-birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bir olmalıyıq. Təxribata uymayın. Düşmənləri sevindirməyin. Sovet dönəmində yağı, əti talonla aldığınız vaxtları unutmayın. Suyu saatla verirdilər, çörək almaq üçün millət səhər altıdan növbəyə dururdu. Biz axı pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda həlak olub. Onların ruhuna hörmət qoyun".

Prodüser Tarix Əliyev: "Polis atadır, qardaşdır, ailə başçısıdır. Allah dərgahında hamımız eyniyik, gəlin ölkəmizi qoruyaq, vətənimizi sevək, çaxnaşma yaratmaq istəyənləri sevindirməyək. Ötən gün Gəncədə asayişi qorumaq məqsədilə öldürülən polislərə hörmət əlaməti olaraq bu gün "Hər şey daxil" verilişi yayımlanmayacaq".