Müğənni Elnarə Xəlilova ötən gün keçirilən təqdimat mərasimlərindən birinə qatılıb.

Geyimi ilə diqqətləri cəlb edən Xəlilova plagiat mahnılar haqda Open.az-a açıqlama verib: "Plagiat mahnı mövzüsu koverlə qarışdırıldı. Kover bir mahnının müxtəlif dillərdə oxumasıdır. Plagiat isə bir mahnıdan yeni mahnı çıxarıb, öz məhsulun kimi təqdim etməkdir. Bunlar tam başqa mövzulardır".

Elnarə əməkdar artist Röya Ayxanın onun təhsil haqqını ödəməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: "Bu mövzunun gündəm olmasını istəmirəm. Özü də mən universiteti pulsuz bitirmişəm. Yəni, pulsuz təhsil almışam. Heç kim mənim təhsil haqqımı ödəyə bilməz".

Qeyd edək ki, ifaçı bir müddət öncə əməkdar artist Röya Ayxanın “Mənə sevgidən bəhs et” adlı mahnısının Uitni Hyustonun “I have nothing” kompozisiyasına bənzədiyini irəli sürmüşdü. Elnarənin bu addımı isə Röyanı hiddətləndirmişdi. Əməkdar artist sosial şəbəkədə Elnarənin təhsil haqqını ödədiyini vurğulamışdı.