"Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub".

Open.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırıb.

"Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.

Bununla bərabər, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək. Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik.

Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri, ilk növbədə, bundan imtina etməlidirlər. Bu, onların sosial məsuliyyətinin yüksək səviyyədə olmasını göstərə bilər.

Əlbəttə ki, ağır vəziyyətdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün biz yeni şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən giriş sözümdə dedim ki, 58 min yeni daimi iş yeri açılmışdır. Ancaq, eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əgər bu rəqəmlərə baxsaq görərik ki, yenə də dinamika müsbətdir. Ancaq bağlanmış iş yerlərinin təhlili aparılmalıdır. Hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlərlə təmin olunub və olunubmu, yoxsa yox?"