Qobustanda məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi saxlanılıb.

Open.az "Report"a istinadən xəbər verir ki, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Rauf Ağaquliyev bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.