"Artıq məlumdur ki, MİDA-nın güzəştli mənzillərin onlayn satış prosesi uğursuz olub".

Open.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, “Güzəştli Mənzil” informasiya sisteminin proqram təminatında olan qüsurlar səbəbindən satış baş tutmayıb: “MİDA RİSK şirkətinin hazırladığı İnformasiya Sistemini normal təhvil-təslim prosesi keçirmədən, qabaqcadan zəruri testlər etmədən, böhranlı vəziyyətlərdə dayanıqlığını yoxlamadan qəbul edib və birbaşa istismara buraxıb. Nəticədə isə rəsmi elektron imza ilə sistemə daxil olan çox sayda vətəndaşa mənzillərin alqı-satqısı ilə bağlı MİDA adından rəsmi bildirişlər gedib. Bildiyim qədər ilə MİDA baş verənləri araşdırmaq üşün Komissiya yaratmışdı. Təəssüf ki, onun fəaliyyəti haqqında hələlik yetərli məlumatlar verilmir. Güman ki işlər də yekunlaşıb. Amma nə aidiyyatı dövlət qurumlarından, nə vətəndaş cəmiyyətindən, nə də sistemdə qeydiyyatdan keçənlərdən heç kim komissiyada təmsil olunmayıb”.

Osman Gündüz bildirib ki, hətta eGgov üzrə yeni səlahiyyətli dövlət qurumu olan VXSİ Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzindən də Komissiyada təmsilçilik olmayıb: “Belə olan halda Komissiyadan ədalətli qərar gözləmək olarmı? Ədalətli qərar da, əvvəllər də bildirdiyimiz kimi, indiki nəticələrin sıfırlanması və satışın yenidən həyata keçirilməsi ola bilərdi. MİDA bu addımı atacaqmı? Proses birbaşa Prezident fərmanı ilə həyata keçirildiyindən, ölkədə son bir-iki ayda elektron hökumət quruculuğu ilə əlaqəli iki qurumun formalaşmasını da nəzərə alsaq düşünürəm ki qərar ədalətli olacaq. Yəqin ki bir-iki günə MİDA bununla bağlı qərarını elan edəcək”.

Şəfiqə Nazimqızı