Köhnə telefonun təzə adı ilə satılması barədə Azad İstehlakçılar Birliyinə şikayət daxil olub.

Bu barədə Open.az-a qurumun sədri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, uyğun şikayətlə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərilib. 20 yanvar küçəsi 29 mənzil 77 ünvanında yaşayan Cənnət Famil Ənvər oğlu tərəfindən ünvanlanan şikayət məktubu olduğu kimi təqdik edirik:

"25.04.2018 ci il tarixində Binəqədi rayonun, 30166 ünvanında yerləşən “Baku Electronics” (143 telefon) dükanına telefon almaq üçün müraciət etdim, ondan təzə telefon verməsini xahiş etdim, o mənə “Samsung A520” markalı telefonunu təriflədi və məsləhət gördü. O məni, telefonun təzə olduğuna inandırdı. Mənimlə kredit müqaviləsi bağladılar, hər ay 60 AZN ödəməliyəm. İlkin ödəniş olaraq 105 AZN ödədim. Telefonun ümümi dəyəri 699 AZN-dir. Mənə 1 illik zəmanət talonu verildi. 1 həftə keçməmiş "WhatsApp" proqramı yükləyən zaman telefonda 29 ədəd tanımadığım və istifadə etmədiyim nömrələr göründü və anladım ki, məni aldadıb köhnə telefon satıblar. 04.05.2018-ci il tarixdə dükana gedib satıcılara mənə köhnə telefon satdıqlarını bildirdim, dəyişdirilməsini və pulumun qaytarılmasını xahiş etdim. Məni dükanın müdirinin yanına göndərdilər, xahişimi etdikdə o məni Azadlıq 115 ünvanında göndərdi. 07.05.2018-ci il tarixdə göstərilən ünvanda yerləşən Samsung servisə getdim. Nömrə götürüb ardıcıl çiyələk yeyən xanıma tələbimi bildirdikdə telefona baxmadan “Hələ çox bəhanələr gətirə bilərsən. Çıx get“ deyib məni dinləmədi. Yenidən gəldim mağazaya. Servisdə olanları danışdım. Müdir yenidən mənə dedi “Get məsələni servisdə həll et”. Bundan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət etsəm də heç bir cavab gəlmədi. Yenidən 07.06.2018-ci il tarixində pulu ödəmək üçün dükana gedib müdirə xahiş etdim, o məni servisin müdiri Bayramın yanına göndərdi. Səhəri günü servisin Müdiri Bayramın yanına getdim, şikayətimi bildirdim. Bayram telefonu məndən alıb, eynəkli oğlana verdi. O isə telefonu tez zamanda qaytarıb gətirdi ki, mən guya telefonu cızmışam. Tam əminliklə deyirəm ki, telefon köhnə olsa da, onda heç bir cızıq yox idi və cızığı Bayramın işarəsi ilə ( və ya işarəsiz) götürən oğlan cızmışdı ki, servis imtina etsin. Düşünürəm ki, bütün hallarda hətta cızıq olsa belə zəmanət müdəttində məndən telefon qəbul edilməli və köhnə olması barədə rəy verilməli idi. Çünki cızığın "WhatsApp" nömrələrə aidiyyatı yoxdur. Belə görünür ki, dükanla servis əlbirdir. Mənim kimi minlərlə istehlakçını top kimi ora-bura vururlar. Bayramla azca mübahisə etdik.

Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız, telefon analoji təzə telefonla dəyişdirilsin və ya müqavilə ləğv olunub ödədiyim 227 AZN mənə qaytarılsın, köhnə telefonu təzə adı ilə satan bu şirkət barədə dövlət orqanlarına məlumat verilsin, telefon ekspertizadan keçirilsin və bu barədə KİV-ə məlumat verilsin ki, əhali aldadılmasın".

Şəfiqə Nazimqızı