“BakuBus” avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntülər yayıb.

Qurumdan Open.az-a verilən məlumata görə, bəzi sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini “BakuBus” MMC-yə məxsus avtobusların yoluna çıxararaq təhlükəli vəziyyətlər yaratması narahatlıq doğurur.

Bildirilib ki, avtobusları idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar “BakuBus”-a müraciət edirlər.

Məlumata görə, sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, mayın 24-də saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus”-a məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb.

Həmçinin, mayın 29-da saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus”-a məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində oxşar hadisə baş verib.

“BakuBus” bütün sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə, idarə etdikləri nəqliyyat vasitələrini avtobusların hərəkət zolağına çıxarmamağa və təhlükəli vəziyyətlər yaratmamağa çağırır.