Bakıda sintizator ifaçısını bıçaqlayan müğənni Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Ə.İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Ə.İsmayılovun cinayət əməlinin Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini və onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və Nəsimi rayon Polis idarəsinin əməkdaşlarına təhvil verilib.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayiət etməməsi olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.


Səlcuq Elçin