Xalasının ərini öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Vüqar Hüseynovun qızı və nəvəsi qəzada dünyasını dəyişib. Mərhumların yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şanikovdan yasa niyə gəlmədiyini soruşub. İttihama görə, bu zaman Muğam Şanikov Vüqar Hüseynovun rəhmətə gedən qızı və nəvəsini təhqir edib. Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinin baş nahiyyəsinə iki yumruq zərbəsi vurub. Muğam Şakirov aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da onu həyatını xilas etmək mümkün olmayıb.

Vüqar Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, V.Hüseynov “Kürd Vüqar” ləqəbi ilə tanınıb. Onun qardaşı Fədai Hüseynov Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən ömürlük azadlıqdan məhrum edilib.

Səlcuq Elçin