Rusiyada Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Tamara Pletnava "DÇ-2018" üçün ölkələrinə gələcək qonaqlar haqqında rus qadınlara xəbərdarlıq edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı Pletnava "Moskva Danışır" adlı radio proqramında qonaq olub və qadınların xaricilərlə cinsi əlaqəyə girməməsi üçün açıqlama yayıb.

O, başqa ölkələrə mənsub insanlarla qurulacaq ailələrin sağlam olmadığını və gələcəkdə baş verəcək ixtilafların uşaqlara mənfi təsir etdiyini dilə gətirib: "Gənc qadınlarımızla tanış olub, hamilə qoyurlar. Evlənib, getsələr də, bir müddət sonra uşaqları ilə birlikdə ağlayaraq geri dönürlər".

Pletnava millətçi biri olmadığını dilə gətirib: "Yaxşı ailə quracaq, birlikdə yaşayacaq, uşaq doğacaq və tərbiyə edəcək şəxs Rusiya vətəndaşı olmalıdır. 1980-cı ildə keçirilən Olimpiya Oyunlarından sonra çox sayda subay rus ana var idi. Bu uşaqlar Sovet dövründə belə əzab çəkdi. Onların əziyyət çəkməsini istəmirəm".