Bu gün saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib.

Open.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür.

***

Bu gün Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində saat 15:40 radələrində söndürülüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb: "Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır".

Xatırladaq ki, Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş vermiş və sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçmişdi.