Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.

Nazirliyin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı, ümumilikdə, 529 akt və 152 protokol tərtib edilərək 116315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 30, aidiyyəti rayon məhkəmələrinə 4 iş göndərilib.

Bundan brakonyerliklə məşğul olan şəxslərə qarşı 27 akt və 30 protokol tərtib edilərək 40497 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Qanun pozucularından 17 ədəd ov tüfəngi, 83 ədəd patron, 23 ədəd balıq toru, 2 ədəd qayıq mühərriki və qayıq götürülüb.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.