"Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında gərginlik davam edir".

Bu sözləri Open.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, ərazidə əvvələr tikilmiş 150 metr uzunluğundakı istinad divarın təxminən 100 metrliyində çatlar əmələ gəlib: "Yəni yerindən hərəkət edir. Ərazidə xırda gölməçələr yaranıb. Sürüşmə aktiv fazadadır və proses davam edir. Sürüşmə baş verdiyi konturlar daxilində yaşayış evləri və hər hansı bir infrastruktur yoxdur".

Qeyd edək ki, oktyabr ayının 12-də, gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerindədir. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Şəfiqə Nazimqızı