Arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində stasional tibbi ekspertizanın keçirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Z.Rəsulovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə oktyabrın 19-da davam edəcək.

İttiham aktına əsasən, Z.Rəsulov arvadını pul üstündə mübahisədən sonra qətlə yetirib. Belə ki, o, 90 min manat pulun arvadı tərəfindən ondan xəbərsiz xərclənməsinə etiraz edib və onlar arasında dəfələrlə mübahisə olub. Sonuncu mübahisə isə qətllə nəticələnib.

Z.Rəsulov özünü təqsirli bildiyini deyib. Onun sözlərinə görə, arvadını öldürməsinə səbəb insanları aldatması olub:

“Bəzi insanlardan, banklardan borca pul almışdı. Gündə bir qadın qapımızı döyüb, pul istəyirdi. Mən də bunun səbəbini arvadımdan soruşdum. Dedim ki, insanlardan 90 min manata yaxın pul almısan, bu pulu nəyə xərcləmisən? O isə mənə düzünü demirdi. Borc verənlər bizi narahat edirdi, mən də əsəbləşib onu qətlə yetirdim”.

O, arvadını necə öldürməsini izah edə bilməyib:

“Çox əsəbi idim, heç nəyi xatırlamıram. Ancaq onu bilirəm ki, qızım, mən və Natəvan evdə idik. Sonra bu hadisə oldu. Qəfildən qaranlıq çökdü, gözlərim qaraldı. Başıma-başıma vurdum, sonra ayıldım ki, əlimdə bıçaq var, üstüm qandır. Həmin vaxt əlimdən qan açıldı”.

Səlcuq Elçin