Misirin Dumyat şəhərində özəl məktəbin zooparkından qaçan meymunlar əhali arasında çaxnaşma yaradıb. Heyvanlar evlərə girib, çoxmərtəbəli binaların balkonlarında tullanıb, ağacları korlayıb, onları tumarlamaq istəyən uşaq və böyüklərə hücum ediblər. Məktəbin yaxınlığında yaşayan sakinlərdən biri deyib ki, uşağı dişləyən meymunu qovmağa çalışarkən heyvan onun üzünü cırmaqlayıb. Bu barədə “Youm7” qəzeti məlumat yayıb.

Open.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, sakinlər məktəbin administrasiyasına müraciət etdikdən sonra heyvanlar tutulub. Sakinlərə bu cür vəziyyətin bir daha baş verməyəcəyi bildirilib.

Baytarların fikrincə, heyvanlar tətil vaxtı onlara diqqət yetirilmədiyindən, ola bilsin ki, darıxıb və müstəqil şəkildə insanlarla ünsiyyət qurmaq istəyib. Kütləvi qaçış heyvanlara düzgün qulluq edilməməsindən də irəli gələ bilər. Polis bununla bağlı məktəbi və onun zooparkını yoxlayacaq.